AZ

AzMİU-da astronavtika konqresi ilə bağlı infosessiya keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) SABAH qruplarında təhsil alan tələbələr üçün infosessiya keçirilib.

AzMİU-dan AzEdu.az-a verilən məlumata görə, infosessiya Türkiyənin Antalya şəhərində təşkil olunacaq 77-ci Beynəlxalq Astronavtika Konqresində (BAK) Azərbaycanı təmsil edəcək Milli Elmi Komandanın formalaşdırılması məqsədi daşıyıb.

Tədbir çərçivəsində “Azərkosmos”un KOSMİK Akademiyasının kosmik elmi layihələr üzrə rəhbəri Səbinə Ədilova konqres barədə ətraflı məlumat verib. O, builki BAK-ın “The World Needs More Space” (“Dünyanın daha çox kosmosa ehtiyacı var”) şüarı altında keçiriləcəyini diqqətə çatdırıb və tədbirin qlobal miqyasda kosmik sənayenin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayıb.

Səbinə Ədilova bildirib ki, konqres çərçivəsində kosmik layihələrin dayanıqlı inkişafı, beynəlxalq elmi-texnoloji əməkdaşlıq, innovativ texnologiyaların tətbiqi, eləcə də kosmosun strateji əhəmiyyəti əsas müzakirə mövzuları olacaq. Bu istiqamətlər üzrə aparılacaq müzakirələr gənc tədqiqatçıların, alimlərin beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar yaradacaq.

O qeyd edib ki, Azərbaycan elmi ictimaiyyətinin BAK-da yüksək səviyyədə təmsil olunması ölkəmizin kosmik tədqiqatlar, innovasiya ekosistemi, rəqəmsallaşma, kosmik diplomatiya və müdafiə sənayesi potensialının beynəlxalq arenada tanıdılmasına mühüm töhfə verəcək. Xüsusilə insan kapitalına investisiya baxımından bu cür təşəbbüslər gənclərin elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırır və milli elmi potensialın gücləndirilməsinə xidmət edir.

İnfosessiya zamanı Milli Elmi Komandaya seçilmə meyarları, layihə çərçivəsində tələbə və alimlər üçün yaradılacaq imkanlar, konqresdə iştirakın elmi, peşəkar üstünlükləri barədə iştirakçıların sualları cavablandırılıb.

Seçilən
12
1
azedu.az

2Mənbələr