ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kosmetologiya, plastik-estetik cərrahlıq və o sahələrə müraciət edənlərin sayı günü-gündən artır. Gözəlləşmək isə bəzən insanın bütün sağlamlığını əlindən alır. Lisenziyasız, tibb təhsili olmadan həkim-kosmetoloq, plastik-estetik cərrah kimi çalışanların xəstələrə vurduğu ömürlük ziyanlar – çapıqlar, qüsurlu toxumalar, yaralar, çürüyən bədənlər təəssüf ki, tez-tez gündəmə gəlir. "Ucun ətin şorbası"na qaçanlar isə çox zaman ömürlük travma ilə yaşayırlar.
Bəs görəsən, ötən il və bu ilin yanvar ayının ilk yarısında sözügedən şəxslərlə bağlı neçə şikayət əsasında yoxlama aparılıb? Onlara hansı cəzalar, cərimələr tətbiq olunub?
Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 2025-ci il ərzində və 21.01.2026-cı il tarixinədək müddətdə vətəndaş şikayətlərinə və mediada yayılan məlumatlara əsasən plastik, estetik, rekonstruktiv cərrahiyyə əməliyyatları üzrə plandankənar yoxlamalar həyata keçirilib:

“26 özəl tibb müəssisəsində yoxlama keçirilib, 12 hüquqi şəxsə və 23 fiziki şəxsə protokol yazılıb. Bu protokollardan 12-si İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma), 2-si 215.4 və 215.1 (Sertfikasiyadan keçmədən özəl tibbi praktika ilə məşğul olma və Lisenziyadan kənar fəaliyyət), 17-si 215.1 (Lisenziyadan kənar fəaliyyət), 2-si– 602.4 (Müəssisə rəhbəri yoxlamaya şərait yaratmadığı üçün plandankənar yoxlamanın keçirilməsi mümkün olmaması) və 2 protokol – 210.1 (Lisenziya olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma) üzrə tərtib edilib.
Daxil olan şikayətlər əsasında kosmetoloji işlər üzrə plandankənar yoxlamalar həyata keçirilib. Ümumilikdə, 12 gözəllik salonu və ya tibb müəssisəsində yoxlama aparılıb, 10 hüquqi şəxsə, bundan başqa 55 kosmetoloq və ya kosmetoloji işlə məşğul olan şəxsə protokol yazılıb.
34 protokol – İXM-in 210.1-ci maddəsi, 20 protokol – 215.1-ci maddəsi, 8 protokol – 215.4-cü maddəsi, 1 protokol – 215.1 və 215.4-cü maddələr, 2 protokol - 602.4-ci maddələrinə əsasən tərtib edilərək, növbəti icraata göndərilib”.
AEM-dən bildirildi ki, qanunsuz fəaliyyətlə rastlaşdıqları zaman vətəndaşların mərkəzə bir neçə formada müraciət edə bilərlər:
“Vətəndaşlar aptek təşkilatlarında və özəl tibb müəssisələrində qanunsuz fəaliyyətlə yaxud şübhəli hallarla rastlaşdıqda “Bir pəncərə” sektoruna, (012) 596 05 20 qaynar xəttinə, yaxud [email protected] e-mailinə, eləcə də www.pharma.az-a (“Müraciət” bölməsi) müraciət edə bilərlər.
Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”.
Məsələnin problemli kökü ondan ibarətdir ki, bir çox hallarda bu kimi “həkim” və “kosmetoloq”lar şikayət daxil olana kimi onlarla prosedur icra edir, fəaliyyətlərini davam etdirirlər. Yalnız şikayətlərdən sonra onların fəaliyyəti məhdudlaşır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Lent.az-a açıqlamasında bildirib ki, öz sahəsinə aid olmayan işləri görənlər, insan sağlamlığına zərər verənlərə qanunvericilik çərçivəsində ciddi cəzalar verilməlidir:

“Müvafiq tibb ixtisası, sertifikatı olmayan, həmçinin bütün texniki prosedurlardan keçməyən istənilən həkim, orta tibb işçisi insan sağlamlığı üçün təhlükə yaradır. Ümumiyyətlə, bu şəxslərin öz ixtisaslarına uyğun olmayaraq fəaliyyət göstərmələri qəti formada uyğun deyil və bu addımın qarşısı hər vasitə ilə alınmalıdır.
Sahibkarlıq subyektlərinin auditi Səhiyyə Nazirliyi və digər məsul orqanlar tərəfindən müəyyənləşmiş qaydalara uyğun şəkildə aparılır. Bu audit həm də əsassız yoxlamaların qarşısını almaq üçün tətbiq olunur. Lakin bir çox hallarda bu kimi pozuntularla qarşı-qarşıya qaldığımıza görə plandankənar yoxlamaların aparılması da vacibdir. Burada konkret hansısa vətəndaş müraciətindən, auditdən söhbət gedir. Mənim fikrimcə, insan sağlamlığı həddindən çox vacib olduğu üçün burada fərqli yanaşma tətbiq olunmalıdır. Ən azından qrafik əsasında müəyyənləşmiş müddət ərzində bütün müəssisələrdə nəzarət mexanizmi qurulmalıdır. Yaxud da hər 6 ayda bir tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinin Analtik Ekspertiza Mərkəzinə rəsmi şəkildə məlumat göndərilməlidir ki, həqiqətən də orada çalışanlar öz ixtisaslarına uyğun şəkildə fəaliyyət göstərirlər. Bu addımın müsbət tərəflərindən biri də müəssisələrin öz üzərlərində nəzarət mexanizminin olmasını hiss etmələridir.
Öz sahəsinə uyğun olmayan, insan sağlamlığına zərər verən, eləcə də qanunvericiliyə uyğun olmayan formada tibb fəaliyyəti göstərən şəxslərə qanunvericiliyin bütün normaları ciddi formada tətbiq olunmalıdır. Bu, həm öz ixtisası üzrə yetişmiş mütəxəssislərə qarşı haqsızlıqdır, həm də insanların sağlamlığına qarşı məsuliyyətsiz davranış gələcəkdə ağır nəticələrə gətirib çıxarır. Mütləq bu prosesin qarşısını almalıyıq”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Lent.az-a açıqlamasında qeyd edib ki, problem Azərbaycan səhiyyə sistemində akkreditasiya sisteminin olmamasıdır:

“Bu problem təbabətin əksər sahələrində, o cümlədən gəlirli hesab olunan kosmetologiya və estetik cərrahlıqda mövcuddur. Təəssüf ki, lisenziya sistemini indiyə qədər tətbiq edə bilməmişik. Hələ də əndirəbadi sertifikasiya imtahanı kimi üsullar davam edir. Bunların tibb elminin inkişafına faydası yox, ziyanı var. Bundan fərqli olaraq akkreditasiya sistemi yaradılmalı, uğurla tətbiq olunmalı və hər bir həkimə fəaliyyət lisenziyası verilməlidir. Belə olduqda heç kim bu lizensiyadan kənara çıxa bilməyəcək, pozuntuya yol verdiyi təqdirdə hüquqi məsuliyyət yaranacaq. Amma indi gedib hansısa həkimə “sən niyə kosmetoloji prosedurlar aparırsan?” deyib, istinad edə biləcəyimiz hüquqi mexanizm yoxdur ki, onun fəaliyyətini qadağan edək. Bu baxımdan lisenziya akkreditasiya sistemində xüsusi təlimatlar olur: kim hansı sahə ilə məşğul ola bilər, onun təhsil səviyyəsi, tələbləri nələr olmalıdır. Lisenziya da məhz bunun əsasında verilir. Bəs görəsən, Azərbaycan səhiyyəsi hələ də nəyə görə bu sistemə keçə bilmir? Deməli, ortada başqa maraqlar var, məsələ budur”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.