AZ

“Nihilist pinqvin”... Sosial medianın yaratdığı bir mif illərlə davam edən müzakirələrin mərkəzinə çevrilir

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Bəzən cəmi bir neçə saniyəlik video illərlə davam edən müzakirələrin mərkəzinə çevrilir. Məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi “Dünyanın sonundakı görüşlər” sənədli filmindən bir kadrın aqibəti də məhz belə olub.

Antarktikada lentə alınmış həmin səhnədə Adeli pinqvininin koloniyadan ayrılaraq təkbaşına əks istiqamətə — dağlara doğru getdiyi görünür. Film boyu alimlərin izahına görə, bu davranış pinqvin üçün faktiki olaraq ölüm hökmüdür. Çünki onun getdiyi istiqamətdə nə qida var, nə də sağ qalmaq şansı.

Lakin illər sonra bu kadr elmi izahdan çıxaraq sosial medianın simvoluna çevrildi. Video “Nihilist pinqvin” adı ilə paylaşılmağa başlandı və qlobal trendə çevrildi.

Sosial şəbəkə istifadəçiləri pinqvini rasional izahdan uzaqlaşdıraraq ona mənalar yüklədilər. Kimisi bu görüntüdə həyatın absurdluğunu gördü, kimisi sistemə qarşı səssiz etirazı, kimisi isə emosional tükənmiş insanın halını.

Paylaşımların altında tez-tez yazılan “Bəs niyə?” (“But why?”) sualı trendin əsas ifadəsinə çevrildi. Bu sual artıq pinqvinə yox, onu izləyən insanlara ünvanlanmış kimi səslənirdi.

Əslində alimlər üçün bu hadisə romantik deyil. Onların fikrincə, söhbət sadəcə instinktiv pozuntudan və ya dezorientasiyadan gedir. Amma internet üçün faktlar deyil, hisslər daha önəmlidir. Sosial media real görüntünü kollektiv emosiyaların aynasına çevirir.

“Nihilist pinqvin” də bu mexanizmin məhsuludur. O, danışmır, izah vermir, sadəcə gedir. Və məhz bu səssizlik milyonlarla insanın öz vəziyyətini ona yansıtmasına imkan yaradır.

Müasir insanın yaşadığı psixoloji yorğunluq, gələcəklə bağlı qeyri-müəyyənlik və gündəlik təzyiqlər bu kadrda öz simvolunu tapdı. Koloniyadan ayrılan pinqvin bəziləri üçün işdən çıxmaq istəyidir, bəziləri üçün cəmiyyətdən uzaqlaşmaq, bəziləri üçün isə sadəcə hər şeydən bezmək halıdır.

Bu mənada “Nihilist pinqvin” təkcə bir heyvan videosu deyil. O, sosial medianın insan hisslərini necə simvola çevirdiyinin bariz nümunəsidir.

Və bəlkə də bütün bu müzakirələrin mərkəzində bir sadə sual dayanır. Bəs niyə?

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
icma.az

1Mənbələr