AZ

ABŞ ORDUSU İRAN ƏTRAFINDA MANEVRLƏRƏ BAŞLADI Regionu alov bürüyə bilər...

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Yaxın Şərqə qırıcı təyyarələr, hava hücumundan müdafiə sistemləri, təyyarədaşıyan gəmi və minlərlə hərbçi göndərir. Ekspertlər bu addımların Vaşinqton–Tehran xəttində gərginliyi kəskin artırdığını və İranla mümkün hərbi qarşıdurma ehtimalını gücləndirdiyini bildirirlər.

Məlumata görə, İranda hökumət əleyhinə etirazların amansız şəkildə yatırılması və minlərlə insanın həlak olmasından sonra ABŞ Prezidenti Donald Tramp Tehranı hərbi zərbələrlə hədələmişdi. Sonradan bu bəyanatın tonunu yumşaltsa da, Ağ Ev İran variantını tam gündəmdən çıxarmayıb.

Qərb mediası yazır ki, ABŞ-nin regionda hərbi mövcudluğunu artırması və donanma təlimləri planlaşdırması Tehrana ciddi siyasi və hərbi mesajdır. Ekspertlərin fikrincə, Vaşinqton hərbi variantı seçərsə, bunun üçün indi daha geniş imkanlara malikdir.

Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun aparıcı eksperti Fərzin Nadimi “Radio Fərda”ya açıqlamasında bildirir ki, Fars körfəzində “açıq aqressiv” hərbi qüvvə cəmlənməsi ABŞ-nin İrana zərbə endirmək imkanlarının yüksək olduğunu göstərir. Onun sözlərinə görə, bu, Tehrana ünvanlanan açıq mesajdır: ABŞ hərbi baxımdan hazırdır.

Məlumata əsasən, “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi və onu müşayiət edən üç eskadra, həmçinin 5 minə yaxın hərbçi artıq Yaxın Şərqə göndərilib. ABŞ Mərkəzi Komandanlığı regiona “F-15E Strike Eagle” qırıcılarının da yerləşdirildiyini təsdiqləyib. Bundan başqa, ABŞ Hava Qüvvələri yanvarın 25-dən etibarən Yaxın Şərqdə bir neçə gün davam edəcək hərbi təlimlərə başlayıb.

Xatırladaq ki, ötən il ABŞ və İsrailin İranın nüvə obyektlərinə mümkün zərbələri müzakirə etdiyi dövrdə də Vaşinqton regiona əlavə hərbi qüvvələr göndərmişdi.

Bu proseslərə cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) döyüş hazırlığı səviyyəsini yüksəldib, həmçinin İranın İraq, Livan və Yəməndə dəstəklədiyi silahlı qrupları Tehrana dəstək verməyə çağırıb.

ABŞ mediası Donald Tramp administrasiyasının İrana qarşı bir neçə hərbi ssenarini nəzərdən keçirdiyini yazır. Bu ssenarilər sırasında həftələr və ya aylar davam edə biləcək hava kampaniyası, simvolik hərbi zərbələr, eləcə də əlavə iqtisadi sanksiyalar yer alır.

Lakin ekspertlər xəbərdarlıq edirlər ki, istənilən hərbi addım bütün regionu alova bürüyə bilər. Tehran artıq bəyan edib ki, hücum olacağı təqdirdə ABŞ-nin Fars körfəzindəki bazalarına və İsrailə cavab zərbələri endiriləcək.

İranın keçmiş diplomatı Mehrdad Xansərinin sözlərinə görə, mümkün qarşıdurmanın nəticələrini əvvəlcədən hesablamaq çətindir: ABŞ müttəfiqləri, regiondakı hərbi gəmilər və tərəfdaş ölkələr də risk altına düşə bilər. O vurğulayıb ki, region dövlətləri qapalı kanallarla Vaşinqtonu daha təmkinli davranmağa çağırırlar.

Ekspertlər hesab edirlər ki, quru əməliyyatı olmadan aparılacaq hava zərbələri rejim dəyişikliyinə səbəb olmayacaq. İran kimi böyük və çoxsaylı əhalisi olan ölkəyə quru qoşunları ilə müdaxilə isə bir çox hərbi analitiklər tərəfindən uğursuz ssenari sayılır.

Ekspert Fərzin Nadiminin fikrincə, ABŞ-nin elan etdiyi hərbi təlimlər real əməliyyatlar üçün örtük rolunu oynaya bilər. Onun sözlərinə görə, mümkün ssenaridə əvvəlcə İranın radar və rabitə sistemləri kiberhücumlar və elektron müharibə vasitələri ilə sıradan çıxarıla, daha sonra “stels” bombardmançıları və qırıcılar əsas hərbi obyektlərə zərbələr endirə bilər.

Bununla belə, ekspertlər vurğulayırlar ki, İran müdafiəsiz deyil. Tehranın Fars körfəzində ABŞ gəmilərini hədəfə ala biləcək qanadlı və ballistik raket arsenalı mövcuddur. Hətta son günlər Tehranın mərkəzində ABŞ təyyarədaşıyan gəmisinin raketlə vurulmasını təsvir edən iri bannerlərin yerləşdirilməsi də bu mesajın tərkib hissəsi kimi dəyərləndirilir.

Analitiklər hesab edirlər ki, hətta simvolik zərbə belə qarşılıqsız qalmaya bilər və bu, ABŞ–İran münasibətlərini nəzarətdən çıxan geniş regional münaqişəyə sürükləyə bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azpolitika.info

1Mənbələr