AZ

Saç tökülməsini necə dayandırmaq olar? - ARAŞDIRMA

Koreya jenşenindən əldə edilən ginzenozid Rf adlı maddənin hormonal saç tökülməsinə qarşı qoruyucu təsir göstərdiyi müəyyən edilib. Bu qənaətə Seconq Universitetinin alimləri gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Industrial Crops and Products"  elmi jurnalında dərc olunub.

Araşdırma ən geniş yayılmış saç tökülməsi forması olan androgenetik alopesiya modeli yaradılmış siçanlar üzərində aparılıb. Məlum olub ki, ginzenozid Rf saçın böyümə dövrü zəiflədiyi hallarda belə saç artımını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Təcrübə zamanı heyvanlarda saç follikullarının sayı və ölçüsü artıb, saç telləri isə daha qalın olub. Toxuma analizləri saç köklərinin normal quruluşunun və aktivliyinin bərpa edildiyini göstərib.

Alimlər maddənin təsir mexanizmini də müəyyən ediblər. Ginzenozid Rf androgen reseptorlarının kişi hormonlarının saçların nazilməsi və tökülməsini başladan zülalların aktivliyini azaldır. Maddə bu reseptorların hüceyrə daxilində parçalanmasını sürətləndirərək hormonal siqnalların zəifləməsinə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, bu mexanizm saç tökülməsi ilə bağlı əvvəlki tədqiqatlarda təsvir olunmayıb.

Tədqiqat müəllifləri vurğulayıblar ki, nəticələr hələlik yalnız preklinik mərhələdə əldə olunub və insan üzərində aparılan araşdırmalarla təsdiqlənməyib. Bununla belə, ginzenozid Rf-in saç tökülməsinin qarşısının alınması və baş dərisinin sağlamlığını qorumaq üçün təbii vasitələrin hazırlanmasında perspektivli əsas ola biləcəyi bildirilir.

Nuriyyə NATİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr