AZ

Reproduktiv sağlamlığın qorunması vacib şərtdir- ÖZƏL

"Ginekoloji müayinə qadın reproduktiv sisteminin - uşaqlıq, uşaqlıq boynu, yumurtalıqlar və vaginanın sağlamlığını qiymətləndirmək məqsədilə aparılan tibbi müayinədir. Bu müayinələr yalnız hər hansı şikayət olduqda deyil, sağlam qadınlarda da profilaktik məqsədlə aparılmalıdır". "Olaylar" xəbər verir ki, bunu  Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Pərvanə Bağırova deyib: "Ginekoloji müayinələr bütün yaş dövrləri üçün vacibdir: cinsi yetkinliyə qədəm qoymuş qızlar, reproduktiv yaşda olan qadınlar və menopauza dövründəki xanımlar üçün. Təəssüf ki, bir çox qadın ginekoloqa yalnız ciddi problem yarandıqda müraciət edir. Halbuki mütəmadi müayinələr gələcəkdə ağır fəsadlara səbəb ola biləcək xəstəliklərin vaxtında aşkarlanması üçün olduqca önəmlidir".
Onun sözlərnə görə, cinsi yetkinlik dövrünə daxil olan hər bir gənc qız müəyyən mərhələdə ginekoloji müayinəyə ehtiyac duya bilər: "Bu, ilk menstruasiyanın başlaması, menstrual pozuntular, ağrılı aybaşı, səbəbsiz qarın ağrıları, pis qoxulu ifrazatlar və ya sadəcə sağlamlıqla bağlı narahatlıq zamanı ortaya çıxa bilər. Ümumiyyətlə, ilk ginekoloji müayinənin 13-15 yaş aralığında, heç bir şikayət olmasa belə, aparılması tövsiyə olunur. Bu, gənc qızın öz bədəni ilə bağlı məlumatlı olmasına və həkimlə ünsiyyətdə rahatlıq qazanmasına kömək edir. Erkən yaşda formalaşan bu vərdiş gələcək reproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr