AZ

Gənc ailələrdə niyə münaqişələr baş verir? - Psixoloq açıqladı

Son illərdə cəmiyyətdə ailə dəyərlərinin qorunması məsələsi getdikcə aktuallaşır. Ailədaxili münasibətlərdə əxlaqi və mədəni normaların zəifləməsi gənc nəsil arasında problemlərin artmasına səbəb olur. Statistik göstəricilər də göstərir ki, boşanma hallarının sayında artım müşahidə olunur. Bu vəziyyət həm fərdi, həm də cəmiyyət səviyyəsində ciddi nəticələr yaradır.

Mövzu ilə bağlı Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, ailə dəyərləri barədə indiyə qədər qurduğumuz təsəvvür çox vaxt düzgün olmayıb:

"Təməl səhv qoyulub. Məcburiyyət dəyər ola bilməz. Cəmiyyət ailənin uzunömürlü olmasını cütlüyün xoşbəxtliyindən üstün tutub və bunun adı da "dəyər" qoyulub. Əslində isə bu, travmanın normallaşdırılmasıdır. Ümumi olaraq dəyərlər itib. Ailələr yalanla, görüntü ilə, statusla qurulur. Elə bil sosial şəbəkələr üçün evlənirlər. Romantikadan reallığa keçən kimi maska düşür və hər şey dağılır. Çünki münasibət qurulmayıb, vitrin qurulub. Evlilik sadəcə münasibətin hüquqi adıdır, özü deyil. Sağlam ailə iki insanın könüllü seçimi və gündəlik məsuliyyətidir",- deyə psixoloq qeyd edib.

Onun sözlərinə görə, boşanmaq evliliyin içində olan ehtimaldır. Bunu fəlakətə çevirmək psixoloji zorakılıqdır. İnsanlar elə biri ilə ailə qurmalıdır ki, ayrılmaq ehtimalı belə onları insanlıqdan çıxarmasın. Bu gün "dayanıqlı" deyib məcburiyyətlə saxlanılan ailələrin övladları ona görə boşanır ki, valideynlərin susduğu ağrını daşımaq istəmirlər. Məsuliyyət cəmiyyətin düşüncə tərzindədir. İnsanları evliliyə itələyənlər çox vaxt böyüklərdir. Öz bədbəxtliyini kiminsə dırnaq arası xoşbəxtliyinin üstündə gizlədən böyüklər. Valideyn övladının həyatına şərt qoya-qoya guya "xeyir" edir, amma əslində övladın seçim haqqını əlindən alır. Evlilik valideynin arzusu olmamalıdır. Övladın evlənməsi yox, xoşbəxt və sağlam olması əsasdır.

R.Nəcəfov vurğulayıb ki, bu gün qadın və kişi üçün evlilik göstəricilərinin böyük hissəsi saxta "Instagram" həyatından ibarətdir:

"Hamı "ideal" görünmək istəyir, heç kim məsuliyyəti daşımaq istəmir. Ona görə də aidiyyəti qurumlar bu sahədə sərt qaydalar tətbiq etməlidir. Ailə qurmazdan əvvəl psixi sağlamlıq yoxlamaları adi tibbi müayinələr kimi ciddi və icbari mexanizmə çevrilməlidir. Cütlüklərin psixoloji uyğunluğu peşəkar şəkildə dəyərləndirilməli, psixiatrik pozuntular, narkoloji asılılıqlar, ağır nevroloji problemlər və ümumi psixi sağlamlıq riskləri sistemli şəkildə yoxlanmalıdır. Məqsəd kimisə damğalamaq deyil, ailəni yalanın və məsuliyyətsizliyin üzərinə yox, reallığın və sağlamlığın üzərinə qurmaqdır. Bu, daha sağlam ailələrin formalaşmasına yardım edər. Daha sağlam uşaqların dünyaya gəlməsinə dəstək olar",- deyə Rövşən Nəcəfov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr