Bakı, 27 yanvar, AZƏRTAC
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Tolerantlıq Evində rəmzi olaraq Holokost qurbanlarının anım gününə həsr edilmiş tədbir keçirdi. BMT-nin Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunan qətnaməyə əsasən 27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd olunur. Bizim Mərkəzin təsis olunmasından 11 il keçir. Bu illər ərzində biz hər il Holokost qurbanlarının Beynəlxalq Anım Gününü keçiririk.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri, filologiya elmləri doktoru Aytən Qəhrəman deyib.
O bildirib ki, bu tədbiri keçirərkən biz yalnız tarixi yaddaşı xatırlamaqla kifayətlənmirik, eyni zamanda, cəmiyyətimizə və cəmiyyətimizin ən dəyərli təbəqəsi olan gənclərimizə tolerantlığın, insan hüquqlarına hörmətin və mədəniyyətlərarası anlayış dəyərinin möhkəmləndirilməsinin vacibliyini yenidən vurğulamaq istəyirik. “Bilirsiniz ki, Holokost İkinci Dünya müharibəsində baş verib və bu, 6 milyona yaxın yəhudinin ölümünə səbəb olub. Ən faciəvi hal odur ki, onların içərisində 1 milyon 500 min uşaq var idi. Bu isə faciənin nə qədər genişmiqyaslı və dəhşətli olduğunu göstərir”, - deyə Aytən Qəhrəman vurğulayıb.