AZ

Böyük müəmma: Eyni evə görə neçə nəfərlə kirayə müqaviləsi bağlanır?

ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bu ildən etibarən Azərbaycanda fiziki şəxslərin mənzil kirayəsindən əldə etdiyi gəlirlərə tətbiq olunan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilib.

Məhz bu dəyişiklik fiziki şəxslərin vergi yükünün azaldılması və kirayə bazarının daha da stimullaşdırılması məqsədi daşıyır.

Qeyd edək ki, bu gün daşınmaz əmlak bazarında kirayə mənzillərin qiymətlərində ciddi artım var. Bu artım isə sonda bir çox vətəndaşı eyni evdə bir neçə nəfərlə yaşamağa məcbur edir. 

Xərcləri bölüşmək üçün bəzi hallarda eyni mənzildə bir neçə kirayəçi qalır. Xüsusilə tələbələr, eləcə də bölgələrdən Bakıya işləməyə gələn şəxslər kirayə yükünü azaltmaq üçün eyni evi birgə paylaşmağa üstünlük verirlər.

Bu isə sonda kirayə müqavilələrinin necə bağlanması, yəni eyni mənzil üzrə bir neçə şəxslə müqavilə imzalanmasının mümkün olub-olmaması və ya müqavilə yalnız bir nəfərlə bağlandıqda həmin şəxsin hansı meyarlara əsasən seçilməsi kimi sualları ortaya çıxarır.

Maraqlıdır, eyni mənzil üzrə bir neçə şəxs ilə kirayə müqaviləsi bağlamaq mümkündür?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, kirayə ilə bağlı qanunvericilikdə də dəyişiklik edilib:

“Hazırda kirayə müqaviləsinə nəzarət mexanizmləri sərtləşdirilir. Artıq yanvarın 1-dən kirayə sektorunda mənzil fondundan əldə olunan gəlirlərin vergisi 14 faizdən 10 faizə endirilib. Bu kimi təşəbbüslər onun üçün həyata keçirilir ki, vətəndaşlar mənzillərini daha çox rəsmi şəkildə kirayə versinlər və vergidən yayınma halları azalsın.

Bu addımın nə dərəcədə effektiv olacağını demək üçün isə hələ tezdir. Ölkədə orta hesabla yaşayış fondunun 90 faizdən çoxu qeyri-leqal şəkildə icarəyə verilir. Hökumətin bu sahədə əsas məqsədi isə sektorun leqallaşdırılmasıdır”.

Onun sözləinə görə, aztəminatlı şəxslər, tələbələr və bəzi hallarda vətəndaşlar qrup şəklində eyni mənzildə yaşayırlar:

“Yəni bir neçə şəxs eyni mənzili kirayələyir. Bu vəziyyətdə çıxış yolları bir neçə variantdan ibarətdir. Əslində Avropanın özündə də bu kimi praktika geniş yayılıb. Xüsusilə son 3-4 il ərzində Polşa, Almaniya və Fransa kimi ölkələrdə daşınmaz əmlaka tələbatın artması fonunda vətəndaşlar evlərini kirayə verərkən otaq-otaq bölərək icarəyə verməyə daha çox üstünlük verirlər.

Çünki bu, daha gəlirli hesab olunur. Gəlirliliyin yüksək olması bu üsulla pul qazanmağa marağı artırıb. Yanaşma belədir ki, bir nəfər evi kirayə götürür və daha sonra onu digər şəxslərə subicarəyə verir.

Bu halda evi icarəyə verən şəxs heç bir məsuliyyət daşımır, bütün məsuliyyət evi kirayə götürən şəxsin üzərində qalır”.

Ekspert qeyd edib ki, leqallaşma baxımından isə bir mənzildə neçə nəfərin yaşadığı kirayə müqaviləsində qeyd olunur və həmin şəxslər bu müqavilə əsasında evdə rəsmi qeydiyyata düşürlər:

“Azərbaycanda isə təəssüf ki, mənzillərdə vətəndaşların qeyri-leqal qalması halları geniş yayılıb. Halbuki qanunvericiliyə əsasən, yaşayış yerini dəyişən və 6 aydan çox müddətə müvəqqəti yaşayan şəxslərin mütləq şəkildə qeydiyyata düşməsi vacibdir.

Əslində bir evin bir neçə şəxsə kirayə verilməsi ilə bağlı qanunvericilikdə hər hansı ziddiyyət yoxdur. Evi kirayə verən şəxs otaqları nömrələyərək hər bir otaq üzrə fərdi kirayə müqaviləsi bağlaya bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

Gülər Həsənli

“Cebheinfo.az”

Açar sözlər:

kirayə Elnur Azadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr