AZ

İsrail və İran yenidən aktivləşir: Azərbaycan aktivliyin mərkəzində necə görsənir?

ain.az bildirir, Gununsesi portalına istinadən.

İsrail və İran münasibətlərinin yenidən aktivləşdiyi görünür.

Maraqlıdır, bu aktivliyin mərkəzində Azərbaycan necə görsənir?

Bu barədə Gununsesi.info-ya politoloq Turan Rzayev danışıb.

O bildirib ki, mövcud proseslər fonunda ölkəmizə olan müəyyən səfərlər diqqət çəkir:

“23 yanvar tarixində İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycana səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşdü. Yanvarın 26-da isə İsrailin xarici işlər naziri Gideon Saar Bakıya gəldi. Nazir səfər çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü”.

O, hazırda İran ətrafında gərginlik olduğunu bildirir:

“Məlum olduğu kimi, hazırda İran ətrafında xüsusi bir gərginlik var. ABŞ hərbi qüvvələrini Yaxın Şərqdə cəmləşdirib və kontingentin sayını artırır. Əvvəllər də qeyd etdiyim kimi, Vaşinqtonun İrana birbaşa müdaxilə etmək və ya Tehranla total müharibəyə girmək istədiyini düşünmürəm. Bu, həm xərcli, həm də uzunmüddətli bir müharibə ilə nəticələnər. Ən pis halda isə ABŞ ikinci bir Əfqanıstan ssenarisi ilə üzləşə bilər. İsrail isə açıq şəkildə İrana qarşı beynəlxalq koalisiyanın müdaxiləsini istəyir. Təl-Əviv Tehrandakı rejim devrilmədən və ən əsası, İran parçalanmadan geri addım atmaq niyyətində deyil. İran isə ehtimal olunan müdaxiləyə hazırlaşır. Burada söhbət təkcə daxili hazırlıqdan deyil, həm də qonşu ölkələrin mövqeyindən gedir”.

Siyasi şərhçi Azərbaycanın hər iki ölkə üçün mühüm əhəmiyyət daşıdığını bildirir:

“Azərbaycan yerləşdiyi geostrateji mövqeyinə görə hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyır. Lakin İsrail və İranın Bakıya baxışı və gözləntiləri kəskin şəkildə fərqlənir. Məsələn, Təl-Əviv diplomatik yollarla Bakının “nəbzini yoxlayır”. Gideon Saar Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib: “İranda mövcud rejim tərəfindən öz insanları qırılır. Onlardan digər ölkələrə qarşı necə münasibət gözləmək olar?! Heç vaxt imkan vermək olmaz ki, kütləvi qırğın silahı onların əlində olsun” “.

Siyasi şərhçi gərginlik fonunda Azərbaycanın mövqeyini isə belə izah edib:

“Azərbaycan nə İranda gərginliyin artmasını, nə də İrana hərbi müdaxiləni istəyir. Bakı hər iki ssenarinin yaradacağı ortaq təhdidləri çox yaxşı anlayır. Şübhəsiz ki, ölkəmizi ən çox narahat edən məsələlərdən biri Güney azərbaycanlıların şimala mümkün axını və bunun yaradacağı iqtisadi və demoqrafik problemlərdir. Digər tərəfdən, Güney azərbaycanlıların İranda yaşaması Bakının əlində hər zaman pərdəarxası təzyiq elementi olaraq qalacaq. Bu mənada nə İsrailin qapalı qapılar arxasında verdiyi ehtimal vədlər Bakını şirnikləndirir, nə də İranın hədə ritorikası qorxudur. Azərbaycan İsrail və İran arasında balansı qorumaqda qərarlıdır. Bu, həm ölkəmizin milli təhlükəsizliyi, həm regional sülh, həm də gələcək perspektiv planların davamlılığı baxımından mühüm əhəmiyyət daşıyır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
6
icma.az

7Mənbələr