Astana, 27 yanvar, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib.
AZƏRTAC Akordaya istinadla xəbər verir ki, Tokayev İsrail xarici işlər nazirinin səfərinin İsrailin Qazaxıstanla hərtərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqliyini təsdiqlədiyini qeyd edib.
Ticarət, iqtisadi, elmi və texniki əməkdaşlığın gücləndirilməsinə, süni intellekt, kənd təsərrüfatı və su ehtiyatlarının idarə olunması sahələrində birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Prezident Tokayev, həmçinin Gideon Saarın Astanaya səfəri zamanı Qazaxıstan-İsrail biznes forumunun keçirilməsini alqışlayıb və qeyd edib ki, bu tədbirin nəticələrinin iki ölkənin investisiya tərəfdaşlığının genişləndirilməsinə əməli töhfə verməsi nəzərdə tutulub.
Öz növbəsində, israilli nazir ölkəsinin Qazaxıstanla dövlətlərarası münasibətlərin inkişafına ciddi təkan verməkdə, onları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqda maraqlı olduğunu vurğulayıb. Gideon Saar Prezident Kasım-Jomart Tokayevə sabitliyi, sülhü və beynəlxalq dialoqu daha da gücləndirən “İbrahim sazişi”nə qoşulmaq barədə uzaqgörən qərara görə minnətdarlığını bildirib.
İsrailin xarici işlər naziri, həmçinin Qazaxıstanda həyata keçirilən genişmiqyaslı siyasi və sosial-iqtisadi islahatları yüksək qiymətləndirib və onların uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana