AZ

Köhnəlmiş ixtisaslar işsizliyə səbəb olacaq - XƏBƏRDARLIQ

Ötən gün Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub.

Maraqlıdır, qlobal təhsil tendensiyalarına uyğun olaraq yeni ixtisasların daha operativ açılması üçün universitetlərə hansı sahələr üzrə muxtariyyət verilməsi məqsədəuyğundur?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, deputat Fariz İsmayılzadə haqlı olaraq vurğulayır ki, bu gün bəzi universitetlərdə mövcud ixtisaslar artıq əmək bazarının real tələblərinə cavab vermir:

176632

"Sual yaranır: biz dəyişən dünyaya nə qədər sürətlə uyğunlaşa bilirik və yeni ixtisasları nə dərəcədə çevik şəkildə aça bilirik? Reallıq ondan ibarətdir ki, dünya artıq yeni mərhələyə qədəm qoyub. Süni intellekt, avtomatlaşma və rəqəmsallaşma prosesləri istəsək də, istəməsək də həyatımızı, əmək bazarını və təhsil sistemini köklü şəkildə dəyişir. Bu proseslərin qarşısında passiv müşahidəçi olmaq deyil, onlara adaptasiya olunmaq zəruridir.

Əgər universitetlər yalnız mövcud ixtisasların saxlanılması ilə kifayətlənərsə, yaxın gələcəkdə gəncləri artıq aktuallığını itirmiş peşələrə hazırlamış olacaqlar. Bu isə həm vaxt itkisinə, həm də insan kapitalının səmərəsiz istifadəsinə gətirib çıxaracaq.

Bu gün ali təhsil müəssisələrinin əsas problemlərindən biri dəyişən əmək bazarına vaxtında cavab verə bilməmələridir. Buna görə də universitetlərə tədris proqramlarını formalaşdırmaq və operativ şəkildə yeniləmək səlahiyyəti verilməlidir. Çünki bəzən bir ixtisas rəsmi təsdiq prosesindən keçənədək aktuallığını itirir, halbuki bazarın real ehtiyaclarını ən tez görən məhz universitetlərin özləridir.

Eyni zamanda, xüsusilə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat və rəqəmsal sahələr üzrə yeni ixtisasların və qısa müddətli proqramların açılması daha çevik mexanizmlərlə mümkün olmalıdır. Bu istiqamətlər klassik çərçivələrə sığmır və uzunmüddətli icazə prosedurları inkişafı ləngidir".

Universitetlərin sənaye və əmək bazarı ilə əməkdaşlıq imkanları da genişləndirilməlidir.

"Şirkətlərlə birgə hazırlanmış proqramlar, tətbiqi kurslar və ikili diplom modelləri mərkəzləşdirilmiş uzun təsdiq prosesləri olmadan həyata keçirilməlidir.

Həmçinin, kadr siyasətində çeviklik xüsusi əhəmiyyət daşıyır. Sahə üzrə real təcrübəyə malik mütəxəssislərin tədris prosesinə cəlb edilməsi təhsilin keyfiyyətini artırır. Universitetlər bu istiqamətdə daha sərbəst və operativ qərarlar qəbul edə bilməlidir".

Seçilən
29
azedu.az

1Mənbələr