Bakı, 27 yanvar, AZƏRTAC
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyində ilin yekunları ilə bağlı keçirilmiş mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib.
Agentlik rəhbəri qeyd edib ki, onlardan 189 min şəxs münasib işlərlə təmin olunub, 16,8 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub: “Proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf (kotançılıq, qəssab, avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri, avtorazval xidməti və özünəxidmət avtoyuma) əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Bundan başqa, ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modeli pilot şəkildə tətbiq edilib”.
“Məşğulluğa Dəstək Layihəsi”nin icrası işlərinin uğurla davam etdirildiyini diqqətə çatdıran Hasil Abbasov bildirib ki, özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olan bu layihə üzrə 2020-2025-ci illərdə 26,7 min nəfər üçün kiçik bizneslər qurulub. Növbəti mərhələdə isə layihə üzrə daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək.
Qeyd edilib ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 18,4 min şəxs üçün peşə hazırlığı kursları təşkil edib, Bakı və bölgələrdə ümumilikdə 18 mindən çox vakansiyanın təqdim edildiyi 218 əmək yarmarkası keçirib, 343 min şəxsə düzügün peşə seçiminə dəstək məqsədli peşəyönümlü xidmətlər göstərib. “PeşəFest” tədbirlərinin davam etdirildiyi ötən ildə Naxçıvan və Bakıda Gələcəyin Peşələri Sammiti də keçirilib.
Əməkhaqqının birgə maliyyələşməsi proqramının icrası, məşğulluq xidmətlərin rəqəmsallaşdırılması işlərinin davam etdirildiyi qeyd olunub. İşğaldan azad edilmiş ərazilərə köçürülmüş sakinlərdən artıq 8 mindən çox şəxsin məşğulluğunun təmin olunduğu diqqətə çatdırılıb.
Mətbuat konfransında Agentliyin ötən ilki beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs olunub, qurumun keçən il Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçildiyi, 13 beynəlxalq mükafata layiq görüldüyü bildirilib.
Dövlət Məşğulluq Agentliyinin 2026-cı il üzrə hədəflərindən də bəhs olunub və media nümayəndələrinin sualları cavablandırılıb.