27.01.2026-cı il tarixdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Hafta.az xəbər verir ki, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatları İmamverdi İsmayılov ,Ceyhun Məmmədov, hüquq mühafizə orqanları, YAP Qubadlı rayon rəşkilatının rəhbərliyi, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Malik İsaqov qeyd edib ki, 2025-ci il “Konstitusiya və Suverenlik ili” ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında bir çox tarixi və əlamətdar hadisələrlə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı səsləndirdiyi bəzi fikirləri hesabat yığıncağının iştirakçılarının nəzərinə çatdıraraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan mediasına ötən ilin yekunlarına dair verdiyi müsahibəsi dövlətimiz və xalqımız üçün görülmüş işlərin real sübutudur. Cənab Prezidentin vurğuladığı kimi keçən ili ölkəmiz, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar, bundan sonra da Azərbaycan xalqı sülh şəraitində yaşayacaqdır.
Müstəqil Azərbaycan dövləti tarixdə heç zaman indiki qədər güclü olmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli ordumuzun gücü ilə, suverenliyimizin, ərazi bütövlüyümüzün tam təmin edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılan ən böyük nailiyyətimizdir. Qarabağın və Şərqi Zəngəzurun, işğaldan azad olunmuş ərazilərin bərpası, inkişafı dövlətimiz üçün prioritet məsələlərdəndir. Düşmənin illərlə xarabalığa çevirdiyi şəhər və kəndlərimiz müasir standartlara uyğun yenidən inkişaf edir. 30 il ərzində düşmənin viran qoyduğu torpaqlarımıza hər gün yeni nəfəs verilir, doğma yurd yerlərimiz gülüstana çevrilir. Artıq dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa, yenidənqurma işlərinin fonunda Azərbaycanın öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyinin şahidi olur. Artıq Qubadlı rayonunun Zilanlı və Mahruzlu kəndlərində bərpa işləri yekunlaşmaq üzrədir. Bu ilin Aprel,May aylarında köç prosesinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
RİH başçısı 2025-ci il ərzində rayonda görülmüş işlər və həyata keçirilmiş təbirlər haqqında geniş məlumat verərək 2026-cı ildə də bu işlərin davam etdiriləcəyini bildirib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi Zöhrab Bağırov, Milli Məclisin deputatları, İmamverdi İsmayılov, Ceyhun Məmmədov,YAP Qubadlı rayon Təşkilatının sədri Təhmasib Rüstəmov,rayon prokuroru Emil Kərimov və digər çıxış edənlər rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri məqsədə uyğun hesab edərək RİH -başçısının hesabatını yüksək qiymətləndirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il ərzində həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və ölkənin qarşısında duran yeni hədəflər barədə ətraflı məlumat verərək, rayonun gələcək fəaliyyətinə dair prioritet istiqamətləri xüsusi olaraq qeyd ediblər.
Tədbirdə hesabatın yekunu ilə bağlı qarşıda duran vəzifələrə dair hazırlanmış Qərar Layihəsi oxunub.
Rayonun ictimai-siyasi həyatında fərqlənən 3 nəfər Qubadlı Rayon İcra Hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edilib.
Hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.