AZ

Azərbaycanda İŞİD təhlükəsi – ŞOK TƏHDİD

Xəbər verdiyimiz kimi, xarici ölkənin Azərbaycandakı səfirliyinə qarşı terror hücumu etməyə hazırlaşan şəxslər həbs ediliblər.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranıb.

Adıçəkilən şəxslər İŞİD terror təşkilatının “Vilayəti-Xorasan” silahlı qruplaşmasının üzvləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici dövlətin Azərbaycan Respublikasındakı səfirliyinə terror hucumu etmək üçün silah qismində istifadə edilən predmetlər əldə edib səfirliyin yerləşdiyi əraziyə yaxınlaşarkən DTX-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Bu cür təhdidlərin vaxtında qarşısının alınmasında xüsusi xidmət orqanlarının əməliyyat imkanlarını necə qiymətləndirirsiniz və gələcəkdə diplomatik nümayəndəliklərin təhlükəsizliyinin gücləndirilməsi üçün hansı əlavə preventiv mexanizmlər vacib hesab olunur?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Asif Şəkərli qeyd edib ki, istənilən ölkədə dini radikalizm və ekstremizmin əhatə dairəsinin genişlənməsi həmin ölkədə ictimai və milli təhlükəsizlik risklərini artıra bilər: “Hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq üçün süni şəraitin formalaşdırılması həmin ölkələr üçün ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Azərbaycanda dini duruma təsirin 2 istiqaməti var. Əsasən, İrandan şiəlik, radikal dindarlıq, Səudiyyə Ərəbistanından vəhhabilik təsirləri gəlir. Digər məzhəblər və qurumların fəaliyyəti mövcud dini vəziyyətə təsir etmə gücünə malik deyil. Amma bu iki qrup kifayət dərəcədə təsir gücünə malikdir. Çox radikal, terrora meyilli dini qruplar yaradılıb”.

Asif Şəkərlinin sözlərinə görə, hər ikisinin son fəaliyyətində əsas məqsəd Azərbaycanda konstitusiya quruluşunu, dünyəvi dövlət quruluşunu dəyişib dini quruluşlu İslam dövləti yaratmaqdır: “Bu istiqamətdə 2000-ci illərin əvvəlində terrora meyilllilik daha çox idi. Lakin İkinci Qarabağ savaşında qələbəmizdən sonra bu məsələlər çox arxa plana keçib və onların təsir etmə imkanları xeyli məhdudlaşıb. Amma bu o demək deyil ki, onlar öz prinsiplərindən əl çəkiblər. Azərbaycanda dini ekstemizlə, eyni zamanda terror təşkilatları ilə hər hansı əlaqəsi olan radikal qrupların sıradan çıxarılması istiqamətində müvafiq addımlar atılır. Azərbaycan xüsusi xidmət orqanları radikal dindarlara çox ciddi nəzarət edirlər. Ona görə də burada terror və digər məsələlər baş vermir”.

Seçilən
8
nocomment.az

1Mənbələr