"Əvvəlcə Allaha, sonra isə Ərdoğana güvənirik".
Bunu Sudan Ordusunun komandanı Əbdül Fəttah əl-Burhan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında açıqlamasında deyib. "Bu müharibə çox əzab gətirdi, amma ordumuz yenidən təşkil edildi. Əminik ki, Türkiyə bu məsələdə bizi dəstəkləyəcək. Türkiyə böyük bir ölkədir", - deyə əl-Burhan bildirib.
Bu açıqlama Türkiyə–Sudan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi?
Redaktor.az-a danışan türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhanın verdiyi açıqlama çox önəmlidir:
"Çünki onun “əvvəl Allaha, sonra Ərdoğana güvənirik” sözləri, Ərdoğan vasitəsilə Türkiyəyə olan etimadı açıq şəkildə ortaya qoyur. Türkiyə münasibətlərini imperialist, müstəmləkəçi məntiq üzərindən deyil, qardaşlıq və dostluq prinsipləri əsasında quran bir dövlətdir. Türkiyənin imperialist olmadığı və “qazan” siyasəti ilə əlaqə qurduğu ölkələrin Türkiyə ilə birlikdə ortaq fayda əldə etməsi yönündə apardığı fəaliyyətlərin dünya tərəfindən qəbul edildiyi artıq bir reallıqdır. Sudan Suverenlik Şurasının sədri əl-Burhan da öz açıqlaması ilə məhz buna diqqət çəkir.
Sudan daha əvvəl iki yerə bölünmüş və Cənubi Sudan formasında ölkədə bir parçalanma yaşanmışdı. Xüsusilə neft yataqlarının Cənubi Sudan ərazisində qalacaq şəkildə bölünmə baş vermişdi. Bunun ardınca isə indi “Sürətli Dəstək Qüvvələri” adlanan bir struktur Sudanda qarışıqlıqlar yaratmaqda və mərkəzi Sudan hakimiyyətinə qarşı üsyan fəaliyyətlərini davam etdirməkdədir. Sürətli Dəstək Qüvvələrinin ən böyük dəstəkçisinin Birləşmiş Ərəb Əmirlikləri olduğu, dolayısı ilə İsrail və Amerika Birləşmiş Ştatlarının da bu prosesdə rol oynadığı unudulmamalıdır. Çünki Sürətli Dəstək Qüvvələrinin xüsusilə terror aktları və hücumlar həyata keçirdiyi bölgələrin Sudanının yeraltı sərvətlərinin, xüsusən də qızıl mədənlərinin yerləşdiyi ərazilər olduğu məlumdur. Ciddi miqdarda qızıl istehsalı olan Sudanın qızıl ehtiyatlarının Sürətli Dəstək Qüvvələri, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatlarına məxsus helikopterlərlə ölkədən çıxarılmağa çalışıldığı və bu yolla böyük qazanc əldə edildiyi də bilinir. Yəni burada əslində etnik və ya məzhəbi bir qarşıdurmadan daha çox, Sudanın yeraltı sərvətlərinin talan edilməsi və Sürətli Dəstək Qüvvələrinin paramilitar bir silahlı struktur kimi istifadə olunması məsələsi ön plana çıxır".

Politoloq əlavə etdi ki, Birləşmiş Ərəb Əmirlikləri və İsrail-İran üçlüyü əvvəlcə Sudanının bölünməsinə zəmin yaradıb, daha sonra isə qızıl yataqlarının və digər qiymətli torpaqların, nadir torpaq elementlərinin və başqa yeraltı sərvətlərin istismarı üçün terror fəaliyyətlərinə başlayıb.
"Bunu bilən Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan, bir növ Türkiyədən yardım istəməkdədir. Türkiyənin imperialist olmaması və Sudanının daxili sülhü üçün bölgədəki tarazlıqları düzgün şəkildə qoruya biləcəyinə inandıqları üçün Ərdoğan vasitəsilə Türkiyəyə mesaj verib. Türkiyə Sudandakı toqquşmaların dayandırılması üçün intensiv diplomatik fəaliyyət aparmaqdadır. Sudan xalqı da bu qarşıdurmaların bitməsi üçün xüsusilə Misir, Qətər və Türkiyədən yardım istədiklərini artıq açıqlayıb. Lakin Sürətli Dəstək Qüvvələri kimi tanınan və terror fəaliyyəti həyata keçirən tərəf, Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə Türkiyənin vasitəçi olmasından və Sudanda siyasi mövcudluq qazanmasından ciddi narahatdır. Birləşmiş Ərəb Əmirliklərinin Türkiyənin Yaxın Şərqdəki fəaliyyətlərindən də narahat olduğu məlumdur. Bu səbəbdən BƏƏ, Sürətli Dəstək Qüvvələri vasitəsilə Sudanda Türkiyənin yer almaması üçün əlindən gələn bütün səyləri göstərir".
Müsahibimizin fikrincə, Sudanın yeraltı sərvətləri, neft və qızıl ehtiyatları Sudan xalqına məxsusdur və terror fəaliyyətlərinin və silahlı qarşıdurmaların sona çatması ilə Sudan sürətli inkişaf yoluna girə bilər:
"Bunun üçün isə Türkiyənin bölgədə yer almasına və Sudan xalqının bu resurslardan ədalətli şəkildə faydalanmasına ehtiyac olduğu anlaşılır. Türkiyədən başqa, ümumilikdə Qərb imperialist strukturları və Birləşmiş Ərəb Əmirlikləri bölgəyə istismar məntiqi ilə yanaşır və artıq orada bu şəkildə mövcuddurlar. Yaxın günlərdə Türkiyə-Sudan münasibətlərinin yeni bir mərhələyə keçə biləcəyi, Türkiyənin Qətər və Misiri də yanına alaraq Sudandakı toqquşmaların dayandırılması üçün bir konsorsium yaratmaq istiqamətində addımlar ata biləcəyi qiymətləndirilir. Türkiyə bu sahədə artıq bir müddətdir fəal şəkildə çalışan bir dövlət kimi ön plana çıxır. Sudan tərəfi tərəfindən Türkiyənin dostluğuna etibar edilə biləcəyi bir daha bəyan edilmiş oldu. Türkiyə Somalidə həyata keçirdiyi fəaliyyətlərlə, Afrika ölkələrindəki təşəbbüsləri və Yaxın Şərq coğrafiyasında qazandığı etibarı ilə diqqət çəkir və Sudan da burada Türkiyənin varlığını istəyir. “Türkiyə varsa, sülh var; Türkiyə varsa, imperialist düşüncə həmin ölkədə yer tapa bilməz” anlayışı bu prosesdə bir daha özünü göstərmişdir".
Xədicə BAXIŞLI