AZ

Narsistlər kimdir, onları necə tanıyaq?

Adətən insanların özgüvən çatışmazlığından danışılır. Halbuki özgüvənin normadan artıq olması da ciddi problemlərə yol aça bilər. Elə insanlar var ki, özlərini həddindən artıq ön plana çıxarır, açıq-aydın görünən həqiqətləri belə qəbul etmir, onlara yönələn tənqidi fikirlərə aqressiv reaksiya verirlər. Belə şəxslər çox vaxt tənqid edənlərə qarşı kin saxlayır və heç bir halda öz səhvlərini etiraf etmirlər. Bu davranışlar isə ətrafdakı insanlarda onların “narsist” olduğu düşüncəsini formalaşdırır.Psixoloq Gülər Məmmədova Metbuat.az-a açıqlamasında bildirib ki, özünə dəyər vermək, özünü qiymətləndirmək, tənqid edə bilmək, özünə nəzarət və özünə inam insanın inkişaf prosesində formalaşan əsas xüsusiyyətlərdəndir. Onun sözlərinə görə, bəzi insanlar özgüvən və özünə inam anlayışlarının mahiyyətini düzgün qavraya bilmirlər: “İnsan təbiətində mövcud olan daxili boşluqlar səbəbindən bu anlayışları fərqli şəkildə qəbul edir. Bu gün "narsistlik" kimi tanıdığımız psixoloji problemin əsas səbəbi, əslində, insanın daxilində gizlənən güvənsizlik və özünə inamsızlıqdır. Lakin bu hissləri gizlətmək üçün bəzi insanlar qarşı tərəfi alçaltmağa, özlərini olduğundan daha üstün göstərməyə çalışırlar. Bu da zamanla narsist davranışların yaranmasına səbəb olur. Narsistlik insanın özünü real imkan və xüsusiyyətlərindən daha yüksək qiymətləndirməsidir. Belə insanlar özlərini daha ağıllı, daha savadlı və daha üstün kimi təqdim etməyə çalışır, ətrafındakıların isə daim qüsurlarını axtarır, onları nəzarət altında saxlayaraq manipulyasiya etməyə meyilli olurlar”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
19
metbuat.az

1Mənbələr