İsrailin xarici işlər naziri Gideon Saarın son açıqlamaları Yaxın Şərqdə tezliklə müharibənin yenidən alovlanacağının anonsu oldu. O, açıq şəkildə bəyan edib ki, Tehran regionda sabitliyi pozmaq üçün istifadə etdiyi bütün silahlı təmsilçilərini – Qəzzada HƏMAS-ı, Livanda “Hizbullah”ı və Yəməndə husiləri itirməlidir.
Təl-Əvivə görə, söhbət artıq yalnız İsrailin təhlükəsizliyindən yox, bütövlükdə Yaxın Şərqin gələcəyindən gedir.
Qəzzada HƏMAS, Livanda “Hizbullah” və Yəməndə husilər Tehranın geosiyasi alətidirmi, yoxsa bölgəni daimi müharibə vəziyyətində saxlamaq üçün qurulmuş mexanizmdir?

Musavat.com-un xəbərinə görə, siyasi analitik Asif Nərimanlı hesab edir ki, İsrail xarici işlər nazirinin bu açıqlaması İranın proksi qüvvələrinə qarşı ikinci, həm də sonuncu həmlənin hazırlığından xəbər verir:
“Uzun illər İranın proksi qüvvələrinə qarşı mübarizə aparan İsrail 12 günlük müharibədən öncə bu qüvvələrin sıradan çıxarılması istiqamətində ciddi nəticələr əldə etdi. 12 günlük müharibə zamanı da İrana böyük zərbə vuruldu. Gözlənilirdi ki, bu müharibədən sonra İran Yaxın Şərqdəki proksi qüvvələrlə bağlı siyasətini dəyişəcək, lakin bu baş vermədi. Proksi qüvvələr ciddi qan itirsə də, hələ də mövcudluqlarını saxlayır və yenidən güc toplamağa başlayırlar.
İstisna deyil ki, ABŞ-nin İrana hərbi müdaxiləyə hazırlaşdığı vaxt İsrail də “Hizbullah”, husilər, HƏMAS-la bağlı yekun zərbəyə hazırlıq görür. Hətta artıq İraqda da İranın təsirlərini sıradan çıxarmaq məsələsi gündəmə gəlib. ABŞ-nin İrana hərbi müdaxilə ssenarisində İsrail proksi qüvvələrə hücum edərsə, bu, regionda genişmiqyaslı toqquşmaların başlanması demək olacaq”.