Ötən gün Türkiyənin xarici işlər nazirinin müavini Zeki Levent Gümrükçü və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin siyasi məsələlər üzrə baş katibinin köməkçisi Olof Skuq arasında görüş keçirilib. Görüşdə qlobal və regional məsələlərlə yanaşı, Avropanın təhlükəsizliyinə dair müzakirələr də aparılıb.
Türkiyə həm də bir Avropa ölkəsidir. Onun təhlükəsizliyi, birliyi və inkişafı cümhuriyyətin də marağındadır. Türkiyə İŞİD terror qruplaşmasının fəaliyyəti zamanı Avropanı Suriya və İraqdan olan qaçqın axınından qoruyub. Habelə, terror qruplarının qitəyə sızmaması üçün də təhlükəsizlik tədbirləri görüb, sərhədləri möhkəmləndirib. Onun Suriya və İraq ərazisində həyata keçirdiyi antiterror əməliyyatları həm də Avropa İttifaqının təhlükəsizliyinin güclənməsinə xidmət edib.
Suriyada Bəşşar Əsəd rejiminin süquta uğramasında Türkiyənin xüsusi rolu olduğu da danılmazdır. Onun bu ölkə ərazisində keçirdiyi antiterror əməliyyatları nəticəsində suriyalı qaçqınların bir qismi ölkəyə qayıdıb. Bu da regional və qlobal təhlükəsizliyin qarşının alınmasında, Avropanın qaçqın problemi ilə üzləşməsində atılmış mühüm addımlardan sayılır.
Hakimiyyət dəyişikliyindən sonra Suriyada yaranmaqda olan sabitlik, ərazi bütövlüyü və suverenliyin bərpasında da cümhuriyyətin rolu böyükdür. Hətta ölkədəki PKK terror qruplaşmasının tərk-silah olması, inteqrasiya istiqamətində aparılan əməliyyatlar da Türkiyənin dəstəyi ilə reallaşır.
Türkiyə Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe ilə Avropanın, o cümlədən Aİ-nin təhlükəsizliyinə, maraqlarının təmin olunmasına yardım edir. O bu mövqeyi ilə həm də rəsmi Moskvanın İttifaq, NATO ilə münasibətlərinin gərginləşməsinin qarşısını müəyyən mənada almağa nail olur.
Yaxın Şərqdə Türkiyə və avropalılar təxminən eyni mövqedən çıxış edirlər. Hətta Böyük Britaniya, Aİ-nin bəzi üzvləri, o cümlədən Fransanın da Fələstini dövlət olaraq tanıması bunu təsdiqləyən amillərdəndir.
Bunlar Avropanın təhlükəsizliyi, inkişafı, güclənməsi istiqamətində cümhuriyyətin atdığı çoxsaylı addımların bir hissədir. Ancaq Türkiyənin Avropa İttifaqına üzvlüklə bağlı istəyi hələ də həllini gözləyir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot ilə yanvarın 27-də Ankarada keçirdiyi birgə mətbuat konfransında Aİ ilə ölkəsi arasında münasibətlərə toxunaraq deyib: "Hazırda qarşımızda əslində bir neçə hədəf var. Bunlardan biri Gömrük Birliyi Sazişinin yenilənməsi, o biri isə viza sərbəstliyi sazişinin qüvvəyə minməsidir".
Tərəflər Suriya, Qəzza zolağı, İrandakı hadisələr, Aralıq dənizi təhlükəsizliyi məsələlərini regional və qlobal təhlükəsizlik maraqlarına daxil ediblər.
Bu arada, Fransa XİN başçısının Ankaraya səfəri də Türkiyənin Avropanın təhlükəsizliyində oynadığı əhəmiyyətli rola daha bir nümunə sayıla bilər.
Türkiyənin Çin və ABŞ ilə ticarət əlaqələrinin genişlənməsi, artması onun Avropa İttifaqı və Qərblə əlaqələrinə də müsbət təsir göstərən amillərdəndir. O bu ölkələr üçün etibarlı ticarət tərəfdaşıdır.
Türkiyə ayrıca və Azərbaycanla birlikdə dünyanın təhlükəsiz enerji təchizatında aparıcı rol oynayır. Bu baxımdan da o, qlobal və regional miqyasda Qərblə Şərq arasında bağlayıcı rol oynayır.
Türk Dövlətləri Təşkilatında nüfuzu və tutduğu mövqe rəsmi Ankaraya qlobal miqyasda daha güclü mövqe sərgilməyə imkan verir.
Bu arada Türkiyənin Afrika ölkələri ilə yaxşı əməkdaşlığını da xatırlatmağa ehtiyac var. Türkiyə-Afrika ticarət əlaqələri son 20 ildə strateji tərəfdaşlıq əsasında 9 dəfədən çox böyüyərək 40 milyard dollara çatıb. 2028-ci ildə bu rəqəmin 50 milyard dollara çatdırılması hədəflənir. Türkiyəli sərmayədarların qitə ölkələrinin iqtisadiyyatına qoyduğu investisiya 10 milyard dolları keçib. Ölkənin podratçılar 97 milyard dollar dəyərində 2 mindən çox layihəni həyata keçiriblər.
Türkiyə Afrikaya toxuculuq, maşın, avtomobil, tikinti materialları, qida, dərman və kimya məhsulları ixrac, Afrikadan neft, təbii qaz, mədən filizləri, kənd təsərrüfatı məhsulları, kakao və qəhvə idxal edir. Əsas tərəfdaş ölkələri isə Cənubi Afrika Respublikası, Nigeriya, Misir, Liviya, Somali və Efiopiyadır. Türkiyə bu ölkələrlə əlaqələrini bərabər tərəfdaşlıq və "qazan-qazan" prinsipi əsasında inkişaf etdirir.
Avropa, Asiya, Afrika ölkələri ilə ticarət əlaqələrinin geniş olması onun geopolitik nüfuzunun artmasına da təkan verən amillərdəndir.
Türkiyə ilə Latın Amerikası arasındakı ticarət əlaqələri də son 15 ildə 9 dəfədən çox artaraq təxminən 10 milyard dollara çatıb. Bu əlaqələr xüsusilə 2022-2023 illərdə sürətlənib. Əsas tərəfdaş ölkələr Braziliya, Çili, Meksika və Kolumbiyadır.
Bundan başqa, Türkiyənin "Latın Amerikası və Karib hövzəsi bölgəsinə açılış fəaliyyət planı" çərçivəsində bölgə ilə ticarət əlaqələrinin müxtəlifləşdirilməsi və dərinləşdirilməsi hədəflənir.
Ölkə NATO blokunda da mövqeyini qorumaqdadır. Bu il iyulun 7-8-də Ankarada Alyansın 36-cı Zirvə toplantısının keçirilməsi planlaşdırılıb. Hərbi blokun Baş katibi Mark Rütte daha əvvəl Ankaraya səfəri zamanı bildirib ki, Türkiyə 70 ildən çoxdur, NATO-nun güclü bir müttəfiqidir və ortaq təhlükəsizliyə əvəzsiz töhfə verir.
Yeri gəlmişkən, o, Şimali Atlantika Alyansının Zirvə toplantısına ikinci dəfə ev sahibliyi edəcək. Birincisi 2004-cü ildə İstanbulda keçirilib.
Beynəlxalq arenada son illər Qərb bloku daxilində ziddiyyətlər artır. ABŞ-Avropa İttifaqı və ABŞ-NATO münasibətlərində gərginlik hökm sürür. Məsələn, bu günlərdə Mark Rütte bildirib ki, Avropa ABŞ-nin yardımı olmadan təhlükəsizliyini təmin edə bilməz.
Avropa İttifaqı isə uzun müddətdir yeni üzvlər qəbul etməkdə çətinlik yaşayır. Ən real namizədlərdən bir sayılan Ukrayna hələ də Rusiya ilə müharibəyə görə üzv qəbul edilmir.
Aİ və Alyans ona üzv olmaq istəyənləri müdafiə etməkdə çətinlik çəkir. Bu da onun nüfuzuna mənfi təsir göstərir. Qərb bloku daxilində yaranan müəmmalı vəziyyət tərəfdaşları və müttəfiqlərinin də ona münasibətində müəyyən anlaşılmazlıqlar yarada bilər.
Türkiyə NATO-nun aparıcı dövlətlərindən biri, ABŞ-nin strateji tərəfdaşıdır. Habelə, o, Avropa İttifaqına üzv olmaq istəyir.
Yeni dünya nizamı dövlətlərarası münasibətlərə də təsirsiz ötüşmür. Bu baxımdan, Türkiyə qlobal və regional təhlükəsizlik sahəsində Avropa üçün yenə etibarlı tərəfdaş rolunu oynaya bilər. Çünki o bu qitəyə açılan daha əlverişli qapıdır.
Beynəlxalq münasibətlərdə çox həssas dönəm yaranıb. Bir müddət sonra tərəflərin dəyişməsi ehtimalı da mümkündür. Ancaq Türkiyə bu qarışıqlıqda Avropanın təhlükəsizliyi istiqamətində aparıcı rolunu davam etdirə bilər. Çünki o, bütün tərəflərlə münasibətlərdə məsafəni saxlamağa nail olub. Dünyanın yeni düzənində heç nəyin əvvəlki kimi qalmayacağı görünən qədərdir. Belə çarpaz şəraitdə Türkiyənin rolu bir sıra hallarda həlledici ola bilər...(Report)