AZ

Vyana Kiyevə 3 milyon avro dəstək verəcək

Avstriya Ukraynaya əlavə maliyyə yardımı ayırdığını açıqlayıb...

Poliqon xəbər verir ki, Avstriya Ukraynaya əlavə 3 milyon avro həcmində yardım ayıracaq. Bu barədə Avstriyanın kansleri Kristian Ştoker sosial şəbəkə X hesabında paylaşım edib. Kanslerin sözlərinə görə, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və müharibə fonunda yaranmış mövcud vəziyyəti müzakirə edib.

Kristian Ştoker bildirib ki, Avstriya Ukrayna məsələsində hərtərəfli, ədalətli və eyni zamanda uzunmüddətli sülh həllinin tapılmasına sadiqliyini bir daha təsdiqləyir. Onun sözlərinə görə, belə bir həll yolu həm Kiyevin maraqlarını, həm də Avstriyanın təhlükəsizlik məsələlərini nəzərə almalıdır. Kansler vurğulayıb ki, Vyana diplomatik səylərin gücləndirilməsinin tərəfdarıdır və münaqişənin siyasi yolla həllini vacib hesab edir.

Ştoker, həmçinin yaxın vaxtlarda Ukraynaya rəsmi səfər etməyi planlaşdırdığını da açıqlayıb. Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna rəhbərliyi ilə əməkdaşlığın genişləndirilməsi və humanitar dəstək məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, bundan əvvəl ABŞ və Avropa İttifaqının Ukraynanın bərpası üçün 800 milyard dollara qədər investisiya nəzərdə tutan genişmiqyaslı plan üzərində işlədiyi bildirilmişdi. Strategiya 2040-cı ilədək hesablanıb və ilkin mərhələdə 100 günlük operativ fəaliyyət planını əhatə edir. İlk 10 il ərzində dövlət və özəl sektor hesabına 500 milyard dollar investisiyanın cəlb edilməsi planlaşdırılır.

Bundan əlavə, Avropa Komissiyası 2028-ci ildən başlayacaq növbəti yeddiillik Aİ büdcəsi çərçivəsində Ukraynaya əlavə 100 milyard avro ayırmağı nəzərdə tutur. Sözügedən plan Ukraynanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsini də ehtiva edir.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr