AZ

Qərbi Azərbaycana qayıdış həqiqətin etirafından keçir

Qafqazın sərt dağları və qədim çayları kimi, bu bölgənin yaddaşı da dərin, çoxqatlı və keçilməzdir. Bu yaddaşın ən ağrılı qatlarından biri isə Qərbi Azərbaycan məsələsidir. Qərbi Azərbaycan bu gün təkcə tarix kitablarının səhifələrində deyil, yüz minlərlə insanın ürəyində yaşayan qədim bir coğrafiya kimi varlığını qoruyur. Əsrlər boyu bu torpaqlarda kök salmış toplumun taleyi XX əsrin sarsıntıları ilə dəyişdi, lakin yaddaş və kimlik dəyişmədi; sadəcə, həsrət böyüdü.

Bu həsrətin içində gizlənən əsas sual isə hələ də cavabını gözləyir: bu düyünün açarı haradadır?

Tarixin bağladığı, ədalətin açmalı olduğu düyün

Qərbi Azərbaycanın boşaldılması təkcə bir ərazinin dəyişməsi deyildi, bir mədəniyyətin, bir həyat tərzinin, bir yaddaşın kökündən qoparılması demək idi. İrəvandan Göyçəyə, Zəngibasardan Vedibasara qədər geniş bir ərazidə əsrlərlə yaşayan Azərbaycan türklərinin izləri - məscidlər, kəndlər, qəbiristanlıqlar, adətlər və nəfəs alan tarix bir anda yox edilmədi, amma süngülərin, qadağaların və zorakı deportasiyaların içində yaşamaq imkanı əlindən alındı.

Bu faciə yalnız bir xalqın deyildi, regionun bütövlüyünün də itkisi idi. Çünki Qafqazda bir xalq sıxışdırıldıqca bölgə sülhə deyil, qarşıdurmaya daha da yaxınlaşır. Tarixi ədalətin bərpası təkcə keçmişin acısına çarə deyil, gələcəyin təhlükəsizliyinin təminatıdır.

Tarix bəzən bir qapını bağlayır və o qapının açarının yerini dəqiq göstərmir. Qərbi Azərbaycan məsələsi də belədir: bir əsrin içində dəyişən sərhədlər, süni şəkildə yaradılan demoqrafik tablo və zorakı köçürülmələr nəticəsində formalaşan böyük bir faciə zamanın içində düyünə çevrilib. Bu düyün, sadəcə, siyasi xəritədəki bir kəsik deyil, insanların taleləri, dağıdılmış evlərin xofu, tərk edilmiş yurdların səsi və yaddaşın dərinində ilişib qalmış həsrətdir.

Qərbi Azərbaycanda əsrlər boyu yaşayan insanlar öz köklərindən heç zaman qopmadıqlarını yaxşı bilirdilər. Hər bir kəndin, hər bir yurdun bir adı, bir nəfəsi, bir adəti vardı: İrəvan bazarının səsi, Göyçə gölünün rəngi, Zəngibasarın yaylaqları, Vedibasarın bağları… Bu adlar insanlar üçün coğrafiya deyil, həyatın özü idi. Amma bu həyat XX əsrdə bir neçə dəfə zorla dəyişdirildi: əvvəlcə çar hakimiyyəti dövründə təzyiqlər, sonra sovet illərində planlı şəkildə yerli əhalinin sıxışdırılması, 1948-1953-cü illərin köçürülmələri, daha sonra 1988-ci ilin etnik təmizləmələri ilə bu torpaqların tarixi demoqrafiyası zorla məhv edildi. Bu hadisələr təsadüfi deyildi, tarixi bir sistemin, siyasi dizaynın nəticəsi idi. Düyün də məhz burada yarandı: tarixin zorla dəyişdirilən axarı ədalətin qarşısında böyük bir yükə çevrildi.

Lakin hər bağlanan düyünün bir açması olur. O isə yalnız güc və ya qisasla tapılmır. Ədalət həm hüquqi, həm mənəvi anlamda bu düyünün açılmasıdır. Çünki Qərbi Azərbaycan məsələsi, sadəcə, itirilmiş torpaqların deyil, pozulmuş insan hüquqlarının, zamana qurban verilmiş nəsillərin, sadəcə, “yurd” adlanan bir məkanın yox, bütöv bir həyat tərzinin bərpası məsələsidir.

Tarixin yaratdığı bu düyünü açmaq üçün birinci növbədə həqiqət qəbul edilməlidir. Həqiqət gizli qaldıqca münaqişələr dərinləşir, tanındıqca isə yeni səhifələr açılır. Ermənistan cəmiyyətinin uzun illər boyu “yox” kimi göstərməyə çalışdığı tarixi gerçəkliklər sülhə maneədir. Tarixin təhrif edilməsi ilə sülh qurmaq mümkün deyil, çünki saxta yaddaş üzərində inşa olunan gələcək gec-tez uçar, dağılar. Ədalətin açmalı olduğu düyün məhz burada gizlidir: həqiqəti qəbul etmək, tarixi faktları inkar etmədən yeni münasibət yaratmaq.

Tarix bu qapını bağladısa, onu yenidən açmaq bizim, yəni bu bölgədə yaşayan xalqların əlinə verilmiş bir imtahandır. Bu düyünün açılması yalnız bir xalqın deyil, bütün Cənubi Qafqazın taleyini dəyişə bilər. Çünki Qərbi Azərbaycan məsələsi ədalətin bərpasına aparan yolun simvoludur, bu yol ədalət olmadan nə sülh gətirə bilər, nə də uzunmüddətli sabitlik.

Hər dəfə Qərbi Azərbaycan haqqında danışanda göz önünə əvvəlcə xəritə gəlmir, insanlar gəlir. Göyçəyə qayıda bilməyən bir ana, İrəvanın küçələrini yalnız yuxularında gəzən bir qoca, Zəngibasarda doğulan, amma doğulduğu yeri yalnız ailə albomundan tanıyan bir uşaq… Onların hər biri bu düyünün canlı şahididir. Çünki Qərbi Azərbaycan məsələsi coğrafiya yox, yarımçıq qalmış həyatların məcmusudur.

Köçürülən ailələrin yaddaşında yüzillik şəkillər gəzirdi: yaylağa gedən qatarların səsi, göl qırağında yandırılan samovarın tüstüsü, bağdan gələn alma qoxusu… Bu xatirələr bir gün zorla və qəfil susduruldu. Adamlar evlərini tərk edərkən arxada qalan  hasarların, qapısı açıq qalmış həyətlərin və yarımçıq duaların səsi bütün Qafqaza yayılmışdı. Bu səs hələ də tam kəsilməyib, sadəcə, zaman altında gizlənib.

Hər bir yurdun bir nəfəsi var, deyirlər. Yurdu boşaltdıqda o nəfəs də içində çırpınır. İrəvan da belə nəfəsi itirilmiş bir şəhərdir, min illərin izlərini bağrında saxlayıb, amma onu unutdurmaq istəyənlərin sükutunda boğulub. Göyçə gölü hələ də o sərin nəfəsini küləklə ötürür, sanki deyir: “Mən sizi gözləyirəm”. Göyçədə yarımçıq qalmış toyların səsi, Nərimanlıda yarımçıq qalmış məktəb yolları bir xalqın yaddaşında hələ də tamamlanmamış bir cümlə kimi dayanır.

Bu tarixi düyünü yaratmaq asan oldu: sərəncamlar, qadağalar, zorakılıq və məcburiyyət - bütün bunlar bir neçə il içində yüz illərin nizamını pozdu. Lakin onu açmaq çətin olacaq, çünki burada təkcə torpaq deyil, dərin yaralar var. Hər yara isə səs tələb edir: tanınmaq, anılmaq, qəbul edilmək…

Ədalət bu bağlı qapının yeganə açarıdır. Ədalət hissi yalnız qayıdış demək deyil, həm də tanınmaq, “bu baş verib” deyə bilmək, insanların tale hekayələrinin heç olmasa bir dəfə dinlənilməsidir. Ədalət həm də o deməkdir ki, bir nənənin İrəvandakı evinin  40 ildir cibində saxladığı açarı simvol yox, gerçək olsun.

Bu düyünün açılması Qafqazın gələcəyi ilə də bağlıdır. Çünki bir xalq öz kökündən qoparılandan sonra o torpaq da yetim qalır. Qərbi Azərbaycan əraziləri bu gün yetim bir məkandır, sahibinin səsini, ayaq izini, nəfəsini gözləyən bir məkandır. Çünki bölgələr də insanlar kimidir: darıxar, susar, gözləyər.

Sülh yalnız silahların susması deyil, həm də yaraların sağalması, haqsızlığın etirafı, qayıdış yollarının açılmasıdır. 

Sülhün yolu yaddaşı susdurmaqdan yox, tanımaqdan keçir

Bəziləri düşünür ki, bu məsələni unutmaq, “keçmişi bağlamaq” regiona sakitlik gətirə bilər. Lakin tarix göstərir ki, susdurulan həqiqət unudulmur, daha gərgin şəkildə geri qayıdır. Qərbi Azərbaycan problemi də unutdurulmaqla deyil, tanınmaq və qəbul edilməklə həll oluna bilər.

Bu tanınma üç istiqamətdə özünü göstərməlidir:

- Tarixi həqiqətlərin qəbul edilməsi. Qərbi Azərbaycanın tarixini saxtalaşdırmaq cəhdləri nə elmə, nə də sülhə xidmət edir. Gerçək sülh həqiqət üzərində qurulur.

- İnsanların öz doğma yurdlarına təhlükəsiz və mərhələli qayıdış hüququ. Bu prinsip bütün beynəlxalq hüquq sənədlərində yer alır. Qayıdış zorakılıq deyil, hüquqi və humanitar mexanizmlərlə olmalıdır.

- Regional güclər arasında əməkdaşlığın sülh modelinə çevrilməsi. Qarabağ münaqişəsinin həlli regionda bir çox tabunu dağıtdı. İndi Qərbi Azərbaycan məsələsi də sülh gündəminə yeni bir yanaşma ilə daxil ola bilər.

Sülh üçün yeni model: Humanitar diplomatiya

Bu günün dünyasında sərt güc nə qədər önəmli olsa da, təkbaşına heç nəyi həll etmir. Mədəniyyət, dialoq, humanitar diplomatiya və yumşaq güc sülh modelinin əsas dayaq nöqtələridir.

Qərbi Azərbaycan məsələsi də məhz bu çərçivədə təqdim olunsa, regionda yeni bir fikir doğula bilər:

“Torpaq davası” yox, “insan hüquqları və ədalət davası”.

Maarifçilik, humanizm, millətçilik və tərəqqi ideyasının harmoniyası.

Sələflərin mirası: keçmişdən gələcəyə körpü

Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi böyük fikir adamları Qafqazın gələcəyini sülh, tərəqqi və ədalət üzərində təsəvvür edirdilər. Bu gün Qərbi Azərbaycan məsələsi həmin fikrin davamıdır. Onlar deyirdilər ki, bir xalq öz gerçək tarixini müdafiə etməsə, heç bir gələcək qura bilməz. Amma bu müdafiə nifrət üzərində deyil, maarif və həqiqət üzərində qurulmalıdır.

Bəs düyün harada açılır? Bu sualın qəti cavabı yoxdur, lakin istiqamətlər bəllidir:

- Düyün beynəlxalq hüquqda açılır. Qayıdış hüququ, mülkiyyətin tanınması, humanitar normalar - bunların hamısı beynəlxalq hüququn açarıdır.

- Düyün regional siyasətdə açılır. Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsi yeni mərhələnin başlanğıcı ola bilər.

- Düyün cəmiyyətlər arasında dialoqda açılır. Stereotiplər dağıldıqca sülh pəncərəsi daha geniş açılır.

- Düyün yaddaşın qorunmasında açılır. Tarixi və mədəni irsin dünyaya təqdim edilməsi beynəlxalq dəstəyin əsasını yaradır.

Sülhün açarı insanın əlindədir

Qərbi Azərbaycan məsələsi nə təkcə xəritə ilə, nə də siyasi bəyanatlarla həll edilə bilər. Əsl həll insanın, toplumun və dövlətlərin iradəsindədir. Ədalətin gecikməsi mümkündür, amma itməməsi üçün səsi yüksəltmək, yazmaq, tanıtmaq və xatırlatmaq lazımdır. Bu düyün, əslində, Qafqazın sınağıdır.

Sülh yalnız susmaq deyil, həm də danışmaq, dinləmək və anlamaqdır. Qərbi Azərbaycan torpaqlarından didərgin düşənlərin hekayələrini dinləmək, onların yurdlarına yenidən qayıtmaq haqqını tanımaq, tarixə obyektiv baxmaq sülhün içimizdə atdığı ilk addımlardır. Çünki insan bir ağrını qəbul edəndə o ağrını sağaltmaq da mümkün olur, yox, sayanda isə yara daha da dərinləşir.

Bu gün Cənubi Qafqaz üçün sülhün qapısını açacaq açar məhz budur: insanların yaddaşla barışması, tarixin ağırlığını qəbul etməsi, haqsızlığa göz yummaması. Hər xalqın içində sülhü istəyən vicdan var, onu oyatmaq üçün isə həqiqətlə üz-üzə dayanmaq lazımdır.

Sülhün açarı insanın əlindədir, çünki insan nə qədər ki, qorxu, nifrət, təhrif olunmuş yaddaş və süni miflərlə yaşayır, nə özünü azad edə, nə də başqasına yol aça bilir. Amma insan içini təmizlədikcə, zamanın yaratdığı qaranlığı dağıtdıqca sülh yavaş-yavaş yol tapır.

Sülh həm də xatirələrin doğru yerdə dayanmasını tələb edir:

– Ağrı inkar edilmədən

– Haqsızlıq unudulmadan

– Yurd həsrəti günah sayılmadan.

Bu anlayış formalaşanda Qərbi Azərbaycan məsələsi artıq qarşıdurma mövzusu olmur, ədalətin bərpası, insan ləyaqətinin tanınması və birgə yaşamaq mədəniyyətinin yüksəldilməsi məsələsinə çevrilir.

Sülhün açarı insanın öz əlindədir. Əgər insan qəlbini və düşüncəsini aça bilsə, sərhədlər də açılar, yollar da genişlənər, illərlə bağlı qalan problemlər də çözülər. Sülh yalnız siyasi proses deyil, həm də psixoloji məsələdir. Bir insanın içində sülh olmadıqda onun cəmiyyətində də, dövlətlər arasında da davamlı sülhdən danışmaq çətindir. Qərbi Azərbaycan kimi dərin ağrıların yaşandığı bir bölgədə sülhün yolu ilk növbədə psixoloji sağlamlaşmadan keçir.

Məcburi köçürülmə, yurd itkisi, zorakılıq və məhrumiyyətlər insan psixikasında iz buraxır. Bu izlər yalnız fərdi deyil, el ağrısıdır. El ağrısı isə nəsillərə ötürülə bilər: ata evini itirir, oğlu həmin evin kədərini miras alır, nəvə isə həmin acının haradan gəldiyini anlamasa belə onun ağırlığını hiss edir. Bu səbəbdən Qərbi Azərbaycan məsələsi yalnız torpaq, sərhəd və demoqrafiya məsələsi deyil, psixoloji mirasdır.

Sülhün açarı insanın içindədir, çünki hər bir insan - istər yurdunu itirmiş olsun, istərsə də bu tarixi inkar edən kimsə - öz psixoloji müdafiə mexanizmləri ilə yaşayır. Biri ağrını unutmaq üçün susur, biri qorxudan yaddaşını dəyişir, biri də günahsız olduğunu sübut etmək üçün inkar yolunu seçir. Amma bunların heç biri sülh yarada bilmir.

Sülhün psixoloji başlanğıcı həqiqətə baxmaqdır. Həqiqəti qəbul etməyən cəmiyyət sülhə hazır olmur. Sülh həm də insanın öz içindəki qaranlıqla üzləşməsi və onu işığa çevirməsidir. Bu işıq yandıqda sülhün yolu həm insanın içində, həm cəmiyyətin yaddaşında, həm də regionun siyasətində görünməyə başlayır.

Gülgün QULİYEVA,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr