Macarıstan Milli Muzeyinin ev sahibliyi ilə Budapeştdə keçirilən “Attila” adlı beynəlxalq sərgidə müxtəlif ölkələrin aparıcı muzeylərindən təqdim olunan nadir tarixi eksponatlar nümayiş etdirilir. Hun hökmdarı Attilanın dövrünə və erkən türk mədəniyyətinə həsr olunan bu mötəbər sərgi Avropa və türk dünyasının ortaq tarixi irsinin təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Hafta.az xəbər verir ki, açılış mərasimində Macarıstanın mədəniyyət və innovasiya naziri Hanko Balaj, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, AMEA Arxeologiya və Antropologiya institutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, eləcə də Azərbaycan, Qazaxıstan və Türkiyənin Macarıstandakı səfirləri, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini – baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Mahfuzə Zeynalova və muzeyin Xüsusi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Afət Rüstəmbəyova iştirak ediblər.
Muzeyin əməkdaşları bu mötəbər beynəlxalq sərgidə Azərbaycan muzey eksponatının nümayiş olunmasının ölkəmizin zəngin maddi-mədəni irsinin dünya ictimaiyyətinə tanıdılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Sərgidə nümayiş olunan nadir artefakt – baş bəzəyi sərgi ziyarətçilərinin diqqətini cəlb edərək, Azərbaycan mədəni irsini əks etdirən mühüm eksponatlardan biri kimi təqdim olunur. Sözügedən eksponat 1967-ci ildə arxeoloq Cabbar Xəlilovun rəhbərliyi altında Şamaxı rayonu Xınıslı kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı tapılıb.
Tədbir zamanı qeyd edilib ki, Hun dövrünə və erkən türk mədəniyyətinə həsr olunmuş belə genişmiqyaslı beynəlxalq sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından olan nadir nümunənin nümayiş etdirilməsi muzeylər arasında əməkdaşlığın genişlənməsinə, ortaq tarixi irsin birgə araşdırılmasına və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda daha geniş tanıdılmasına şərait yaradır.
Sərgi 12 iyul 2026-cı ilədək ziyarətçilər üçün açıq olacaq.
Ayəndə Dadaşova