Sosial şəbəkələrdə aparılan nəzarət tədbirləri çərçivəsində 3 000-dən çox Azərbaycan vətəndaşına aid fərdi məlumatların qanunsuz yayılması halları ilə bağlı operativ tədbirlər görülüb və pozuntuların aradan qaldırılması təmin edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
ETX fərdi məlumatların mühafizəsi sahəsində səlahiyyətli orqan kimi ötən il ərzində həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində 3 milyondan çox vətəndaşa aid fərdi məlumatların mümkün sızma hallarının qarşısını alıb.
Eyni zamanda fərdi məlumatların mühafizəsi tələblərinə əməl etməyən 40-dan çox hüquqi şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb və onlar inzibati məsuliyyətə cəlb edilib.