Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə etimad göstərib. "Rekord.az" xəbər verir ki, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Çelenc kubokunun oyununda iştirak edəcək.
E.Zülfüqarov bu gün qadın voleybolçular arasında Çelenc kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutacaq “KHG Kaposvari NRC” (Macarıstan) və “GEN-I Volley NOVA GORICA” (Sloveniya) klublarının qarşılaşmasında ikinci hakim olacaq. Macarıstanda keçiriləcək görüşün baş hakimi vəzifəsini isə türkiyəli Cevril Ebru Kaya icra edəcək.
Qeyd edək ki, CEV Hakimlər Komitəsi bu il yeni bir layihəyə – “CEV Mentoring Program 2026” – start verib. Layihəyə 16 təcrübəli hakim (layihə zamanı onlar mentor adlanırlar) cəlb olunub. Onlardan biri də həmyerlimiz Eldar Zülfüqarovdur. Layihə çərçivəsində yeni hakimlər yarışlarda birinci hakim olaraq təyinat alırlar. Təcrübəli hakimlər isə oyunda ikinci hakim olurlar və matçdan sonra yeni hakimlərin işini qiymətləndirirlər.