
Çin tərəfi Böyük Britaniyanın Baş naziri Keyr Starmerin gözlənilən səfərinin ikitərəfli münasibətlərin inkişafında yeni bir səhifə açacağına ümid edir.
AFN.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Szyakun brifinq zamanı bəyanat yayıb.
Diplomat vurğulayıb ki, rəsmi Pekin bu səfərdən siyasi etimadı gücləndirmək, praktiki əməkdaşlığı dərinləşdirmək və münasibətlərin sağlam inkişafını təmin etmək üçün bir fürsət kimi istifadə etməyə hazırdır. O, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan hər iki dövlətin dialoqu davam etdirməsinin qlobal maraqlara xidmət etdiyini qeyd edib.
Qeyd edək ki, yanvarın 28-dən 31-dək davam edəcək səfər çərçivəsində Keyr Starmer Çin sədri Si Cinpin, Dövlət Şurasının Baş naziri Li Tsyan və digər yüksək rütbəli rəsmilərlə görüşəcək. Bu, 2018-ci ildən bəri Böyük Britaniya Baş nazirinin Çinə ilk rəsmi səfəridir. Sonuncu dəfə analoji səfəri 2016-2019-cu illərdə hökumətə rəhbərlik etmiş Tereza Mey həyata keçirib.