AZ

Azərbaycan “Gulfood 2026” beynəlxalq sərgisində milli stendlə təmsil olunur

BAKI,TurkicWorld

Azərbaycanın qida və içki sənayesi məhsulları Dubayda keçirilən “Gulfood 2026” – 31-ci Beynəlxalq Qida və İçkilər Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 22 şirkəti və “İstisu” mineral su zavodu iştirak edir. Milli stenddə qənnadı və un məmulatları, konservləşdirilmiş məhsullar, qurudulmuş və təzə meyvələr, çərəzlər, yağlar və əzmələr, alkoqolsuz içkilər, mineral sular, bal və digər ərzaq məhsulları təqdim olunur.

Stend çərçivəsində ziyarətçilərə Azərbaycanda sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, əlverişli biznes və investisiya mühiti barədə çap materialları, eləcə də iştirakçı şirkətlərin təşviqat videoçarxları nümayiş etdirilir. Eyni zamanda, xidmət ixracının təşviqi məqsədilə Xəzəryanı regionda qida sənayesinin əsas platformalarından biri olan “InterFood Azerbaijan” sərgisi haqqında da məlumat verilir və xarici şirkətlərin bu sərgidə iştirakı təşviq olunur.

Yanvarın 30-dək davam edəcək “Gulfood 2026” sərgisi çərçivəsində AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəliyinin dəstəyi ilə yerli sahibkarlar müxtəlif ölkələrdən olan şirkət nümayəndələri ilə görüşlər keçirir, məhsulların ixracı ilə bağlı müzakirələr aparırlar.

Qeyd edək ki, hər il Dubayda təşkil edilən “Gulfood” sərgisi dünya üzrə, xüsusilə Körfəz və Yaxın Şərq regionunda qida və içki sənayesinin ən böyük ixtisaslaşmış beynəlxalq platformalarından biri hesab olunur. 2026-cı il sərgisində 195-dən çox ölkədən iştirakçılar təmsil olunur.

Seçilən
43
5
turkic.world

6Mənbələr