1947-ci ildə ABŞ-da alimlər tərəfindən bəşəriyyətin məhvə nə qədər yaxın olduğunu simvolik şəkildə göstərmək məqsədilə yaradılan “Qiyamət Saatı” gecə yarısına 85 saniyə qalmış vəziyyətə gətirilib.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Atom Elmləri Bülleteninin Elm və Təhlükəsizlik Şurası bəşəriyyətin mövcudluq risklərini qiymətləndirən illik hesabatının canlı yayımı zamanı Qiyamət Saatını tarixində indiyədək ən irəli nöqtə olan gecə yarısına 85 saniyə qalmış olaraq müəyyən edib.
Hesabatda nüvə müharibəsi, iqlim dəyişikliyi, biotexnologiyanın potensial sui-istifadəsi, eləcə də lazımi nəzarət olmadan süni intellektin sürətlə yayılması əsas risklər kimi vurğulanıb. Bildirilib ki, saatın ötən il 89 saniyəyə təyin edilməsindən bu yana çətinliklə əldə olunmuş qlobal razılaşmalar dağılıb, “qalib hər şeyi götürür” prinsipinə əsaslanan böyük güclər arasında rəqabət sürətlənib və mövcudluq risklərini azaltmaq üçün zəruri olan beynəlxalq əməkdaşlıq ciddi şəkildə zəifləyib.
Aytən Yaşar/ Turkustan.az