Bakı, 28 yanvar, Pərvanə Qafarova, foto Azər İbrahimov, AZƏRTAC
Güclü və etibarlı internet bağlantısı artıq əlavə üstünlük deyil, minimum tələbat səviyyəsində olan əsas infrastruktur elementi kimi qiymətləndirilməlidir. Güclü internet bağlantısı Azərbaycanın iqtisadi və turizm potensialını artırır.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında “Ookla” şirkətinin baş icraçı direktoru (CEO) Stiven Bay deyib.
Stiven Bay qeyd edib ki, müasir dövrdə internet bağlantısı su və elektrik kimi əsas ehtiyaclara bərabər tutulur. “Bu, otel otağında dəsmalların olması kimidir – insanlar bunu gözləyir. Otellərə, binalara və müxtəlif məkanlara fiber-optik bağlantının çəkilməsi mühüm addımdır. Lakin son 5–10 metr məsafədə istifadəçinin yüksək keyfiyyətli internet əldə etməsi həlledici məqamdır. Bu baxımdan güclü Wi-Fi bağlantısı kritik əhəmiyyət daşıyır”, – deyə Stiven Bay vurğulayıb.
Stiven Bay bildirib ki, məhz bu cür etibarlı bağlantı ölkəyə beynəlxalq tədbirlərin, konfransların və forumların cəlb olunmasına imkan yaradır. “Bu, təkcə tədbirlərin keçirilməsi ilə məhdudlaşmır, eyni zamanda iqtisadi artımı stimullaşdırır. Azərbaycan çox gözəl ölkədir və mənim, eləcə də digər iştirakçıların təcrübəsinə əsasən, biznes məqsədilə ölkəyə gələnlər sonradan istirahət üçün də geri qayıtmaq istəyirlər”, – deyə baş icraçı direktor qeyd edib.
Süni intellekt texnologiyalarının tətbiqinə də toxunan Stiven Bay bildirib ki, süni intellekt həm şirkətlər daxilində iş proseslərinin səmərəliliyinin artırılması, həm də istehlakçı təcrübəsinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradır. “Biz süni intellekt alətlərindən daxili proseslərimizdə istifadə edərək daha keyfiyyətli nəticələr əldə edirik. Eyni zamanda, süni intellekt istehlakçılar üçün də getdikcə daha geniş yayılır”, – deyə Stiven Bay əlavə edib.
Baş icraçı direktorun sözlərinə görə, süni intellektdən səmərəli istifadə üçün yüksək keyfiyyətli və etibarlı internet bağlantısı əsas şərtdir. “Etibarlı bağlantı olmadan istifadəçilər süni intellektin imkanlarından yararlana bilməzlər. Süni intellektin tətbiqi artdıqca bir məqam daha aydın görünür: mobil cihaz və simsiz şəbəkə olmadan süni intellekt mümkün deyil. Bu isə istifadəçilərin süni intellektin gələcəyini planlaşdırarkən əlaqə keyfiyyətinə xüsusi önəm verməsini zəruri edir”, – deyə Stiven Bay vurğulayıb.