AZ

7 körpənin öldüyü yanğınla bağlı ittiham olunanlar məhkəməyə çıxarıldı

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Day.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib.

Vəkil bildirib ki, iş üzrə məhkəmə tərkibi dəyişdiyi halda işə yenidən başlamalıdır. Tərkib dəyişildiyi üçün zərərçəkmiş, təqsirləndirilən şəxslər, şahidlər yenidən dindirilsin, işə yenidən baxılsın.

Vəsatət təmin edilməyib.

Hakim bildirib ki, məhkəmə bu məsələyə münasibətini bildirib. Məhkəmənin yeni tərkibi isə cinayət iş ilə tanışdır.

Daha sonra iş üzrə şahid Aqşin Səmədov ifadə verib.

Şahid qeyd edib ki, işçilərlə tədbirlər keçirilib. Yanğın təhlükəsizliyi ilə bağlı gecə yoxlamaları aparılıb. Yoxlama zamanı nöqsanlar aşkar edilib, protokol tərtib edilib, bəzən cərimə də tətbiq edilib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib:

Vəkil örpələrin başqa xəstəxanalara hospitalzasiyasını həyata keçirən tibb personalını məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da "Respublika Perinatal Mərkəzi" PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Seçilən
47
22
day.az

10Mənbələr