AZ

Bakıda yol və piyada keçidlərinə yeni yanaşma tətbiq ediləcək

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəhər nəqliyyat infrastrukturunun planlaşdırılması zamanı mövcud yolların və piyada keçidlərinin gələcək tələblərə uyğunlaşdırılması vacibdir.

Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, həyata keçirilən layihələr hazırlanarkən gələcək nəqliyyat axını, avtomobil sıxlığı və alternativ hərəkət imkanları əvvəlcədən nəzərə alınmalı, problemlər kompleks şəkildə həll edilməlidir.

R.Hümmətov bildirib ki, bəzi ərazilərdə yolun fiziki imkanlarının məhdud olması və artan sıxlıq yeni, daha çevik yanaşmalar tələb edir: "Biz doğru yolları axtarmalı, mövcud infrastrukturdan maksimum səmərə ilə istifadə etməliyik. Vaxtilə inşa olunan yeraltı piyada keçidləri həmin dövrün tələblərinə cavab verib və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayıb. Lakin müasir şəhərsalma yanaşması daha çox yerüstü, əlçatan və insanlar üçün rahat piyada mühitinin yaradılmasına üstünlük verir".

Onun sözlərinə görə, mövcud keçidlərdən səmərəli istifadə mexanizmləri yenidən nəzərdən keçirilməli, paralel və təkrarlanan infrastrukturun yaradılmasına yol verilməməlidir: "Əgər artıq yeraltı keçid mövcuddursa, onun üzərində əlavə keçid təşkil etməzdən əvvəl həmin infrastrukturun necə daha effektiv istifadə ediləcəyini düşünməliyik".

R.Hümmətov əlavə edib ki, yeni həllərin tətbiqi ilə yanaşı, əhalinin bu dəyişikliklərə uyğunlaşması üçün maarifləndirmə işləri də gücləndirilməlidir.

Oxunub 58

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
avtosfer.az

1Mənbələr