Son günlər ABŞ Prezidenti Donald Trampın İran ətrafında hərbi qüvvələrin cəmləşdirildiyini açıq şəkildə deməsi regionda ciddi suallar yaradıb. Bir tərəfdən Vaşinqton dialoqa hazır olduqlarını bildirir, digər tərəfdən isə hərbi mövcudluğunu artıraraq Tehrana açıq mesaj verir.
Bu ziddiyyətli yanaşma müharibə riskinin artıb-artmadığı, yoxsa bunun sadəcə təzyiq aləti olub-olmadığı barədə müzakirələri gücləndirib. Xüsusilə Trampın İranın danışıqlara hazır olduğunu iddia etməsi, lakin mümkün razılaşmanın detalları barədə danışmaması vəziyyəti daha da qeyri-müəyyən edir. Mövcud proseslər təkcə ABŞ və İran münasibətləri ilə məhdudlaşmır, eyni zamanda bütün Yaxın Şərq təhlükəsizlik balansına təsir göstərir.
Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin bu addımını birbaşa müharibəyə hazırlıq kimi dəyərləndirmək hələlik doğru olmaz. Onun sözlərinə görə, ABŞ uzun illərdir İranla münasibətlərdə güc nümayişi və dialoq çağırışını paralel aparır:
“Hərbi qüvvələrin cəmləşdirilməsi Tehrana psixoloji və siyasi təzyiq göstərmək məqsədi daşıyır. Vaşinqton bu yolla İranın manevr imkanlarını daraltmaq istəyir. Eyni zamanda bu addım ABŞ-nin masada daha güclü mövqedən danışmasına xidmət edir. Yəni burada əsas hədəf müharibə yox, şərtləri diktə etməkdir”.
Müsahibimiz bildirib ki, İranın dialoq mesajları tamamilə istisna deyil və bu, Tehranın vəziyyətin risklərini anladığını göstərir. İqtisadi sanksiyalar və regional təzyiqlər İran üçün ciddi yükdür. Buna görə də Tehran açıq müharibədən qaçmaq istəyir. Lakin İran danışıqlara zəif tərəf kimi oturmaq istəmir.
“Dialoq istəyi daha çox vaxt qazanmaq və təzyiqi azaltmaq məqsədi daşıya bilər” deyən Z.Qarayeva hesab edir ki, bu baxımdan Trampın dedikləri qismən reallığa uyğundur, amma şərtlər hələ aydın deyil.

Züriyə Qarayeva: Müharibə ehtimalı var, amma bu, hələ sonuncu ssenari kimi qalır
Politoloq bildirib ki, danışıqların uğursuzluğu avtomatik olaraq müharibə demək deyil:
“ABŞ üçün İranla açıq müharibə həm siyasi, həm də hərbi baxımdan çox baha başa gələ bilər. Regionda belə bir müharibə nəzarətdən çıxan proseslər yarada bilər. İran da bu riskləri yaxşı anlayır və birbaşa toqquşmadan yayınmağa çalışır”.
Həmsöhbətimiz qeyd edib ki, ona görə tərəflər son həddə qədər eskalasiyanı nəzarətdə saxlamağa çalışacaqlar. Dediyinə görə, müharibə ehtimalı var, amma bu, hələ sonuncu ssenari kimi qalır.
Züriyə Qarayeva onu da deyib ki, ABŞ-İran gərginliyi regiondakı bütün aktorları birbaşa təsir altına salır. Körfəz ölkələri, İsrail və Türkiyə bu prosesləri çox diqqətlə izləyir. Gərginliyin artması enerji təhlükəsizliyi və ticarət yolları üçün risk yaradır:
“Eyni zamanda regionda yeni hərbi balansların formalaşmasına səbəb ola bilər. Bu vəziyyət kiçik və orta dövlətlər üçün əlavə diplomatik manevr ehtiyacı yaradır. Yəni məsələ təkcə ABŞ və İran arasında deyil, bütün regionun gələcəyi ilə bağlıdır”.
Zülfü Məmmədov