Saxta əlillik sənədləri hazırlamaqda təqsirləndirilənlərin məhkəməsi oldu
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilənlərin növbəti məhkəmə iclası keçirilib.
aia.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən İntiqam Kərimov ifadə verərək digər təqsirləndirilənlərdən yalnız Qabil Quliyevi tanıdığını Əlişir Əliyevi isə ümümiyyətlə tanımadığını deyib.
"Mənə qarşı irəli sürülən ittihamların bir çoxunu qəbul etmirəm.Etmədiyim işə görə ittiham olunuram.Qabil Quliyevlə Yasamalda kafedə tanış olmuşam.Mən əvvəllər Əlillərin Bərpa Mərkəzində mühavizəçi işləmişəm.Özümü də ina həmin mərkəzin işçisi kimi təqdim etdim.Bildim ki,onun Sabirabadda xəstəxanada həkim komissiyası ilə əlaqəsi var.İşlədiyim yerdə də bir neçə nəfərin əlillik məsələləri ilə bağlı müəyyən sənədləri sistemə salınmalıydı.
Mənim işim də bu məsələdə bəzi sənədlərə saxta möhür vurmaq olub.Həmin sənədləri sistemə salmaq üçün kiməsə hər hansı məbləğdə pul verməmişəm".
Prosesin davamında təqsirləndirilən müalicəsi ilə bağlı ev dustaqlığına buraxılmağı ilə bağlı məhkəməyə müraciət etsədə hakim bunu yazılı formada növbəti prosesdə təqdim etməsini tövsiyyə edib
Növbəti proses fevralın 25-nə təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına əsasən "Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət Komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanilılıb.
İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim Məsləhət Komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.