Moskvanın Cənub inzibati rayon prokurorluğuna Rusiyanı tərk etmiş azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı cinayət işi daxil olub.
Sitat.info qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat verib.
Nəzarət orqanı qeyd edib ki, iş üzrə ilkin istintaq başa çatıb. Həsənova cinayət yolu ilə əldə edilmiş böyük miqdarda pul vəsaitlərinin leqallaşdırılması barədə ittiham irəli sürülüb. Məhkəmə blogerlə bağlı həbs-qətimkan tədbiri seçib və axtarışa verilib.
İstintaq müəyyən edib ki, fərdi sahibkar kimi fəaliyyət göstərərkən Həsənov real gəlirlərini gizlədib və Rusiyanın dövlət büdcəsinə 170 milyondan çox rubl vergi ödəməyib.
Orqan əlavə edib ki, cinayət yolu ilə əldə edilmiş vəsaitlərə qanuni görünüş vermək üçün bloger bir sıra maliyyə əməliyyatları həyata keçirib və 1-ci Krasnoqvardeyskiy proezddə əmlakın alqı-satqısı üzrə müqavilə bağlayıb. Müqavilənin ümumi məbləği 68 milyondan çox rubl olub.
Yanvar ayının əvvəlində Həsənovun əlavə borcu da aşkar edilib: Fərdi sahibkarlıq fəaliyyəti üzrə 61 mindən çox rubl borcu var.
Avqust ayında FNS blogerin kurs satışı üzrə fəaliyyət göstərən "Banda” MMC-ni ləğv edib. "Zvezdach” "Telegram" kanalının məlumatına görə, şirkətin hüquqi ünvanı və rəhbər şəxslər barədə məlumatlar düzgün olmayıb. Ləğvdən sonra şirkətin hesabları bloklanıb.
Sentyabr ayında Federal Vergi Xidməti Həsənovun son şirkəti "Banda Foods”u ləğv edib. 2023-cü ildə roll istehsalı üçün yaradılan bu şirkət gəlir gətirməyib, borcu isə təxminən 800 min rubl olub. Həsənov borcu ödəməyə məcbur edilsə də, ölkəni tərk edib.