AZ

"Azərbaycanda sənaye potensialı genişlənir" - ŞƏRH

"Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Tahir Kərimli deyib.

Onun sözlərinə görə, bundan əvvəl də dövlət başçısı bir çox zavod və istehsal müəssisələrinin açılışında iştirak edib: "Bütün bunlar Azərbaycanda qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ən son açılışdan sonra həmin müəssisələrdə ən azı 200 nəfərin işlə təmin olunacağı gözlənilir. Ümumilikdə isə təkcə Sumqayıt Sənaye Parkında indiyədək təxminən 6 min iş yeri yaradılıb. Respublikanın digər bölgələrində də sənaye parkları fəaliyyət göstərir və bu parklar vasitəsilə ümumilikdə 11 minə yaxın yeni iş yeri açılıb.

İstehsal olunan məhsullar 70-dən artıq ölkəyə ixrac olunur. Laminatlı kisə istehsalı isə əsasən daxili bazar üçün nəzərdə tutulub. Bu da ölkə daxilində həmin məhsula olan ciddi tələbatla əlaqədardır. Qeyd edək ki, sözügedən müəssisələr 2023-cü ildə rezident hüququ qazanıblar. Onlar güzəştli vergi mexanizmlərindən istifadə edərək kredit əldə ediblər. Hazırda bu müəssisələr ölkədə sənayenin inkişafına, qeyri-neft sektorunun genişlənməsinə, yeni iş yerlərinin açılmasına və ailələrin gəlirlərinin artmasına mühüm töhfə verirlər.

Düşünürəm ki, bu cür sənaye müəssisələrinin fəaliyyəti daha da genişləndirilməlidir. Hazırda Naxçıvanda, Gəncədə və Şəmkir zonasında yeni sənaye müəssisələrinin təməli qoyulur ki, bu da kənd təsərrüfatı zonalarında sənayenin inkişafına ciddi dəstək olacaq".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
35
1
sia.az

2Mənbələr