AZ

Zəngəzur dəhlizi təkcə regional deyil, eləcə də qlobal əhəmiyyətə malikdir - ŞƏRH

Bakı, 28 yanvar, AZƏRTAC

Zəngəzur dəhlizi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını (MR) birləşdirəcək perspektivli nəqliyyat və kommunikasiya layihəsidir. Bu dəhlizin açılması Naxçıvanın blokadasının aradan qaldırılması deməkdir. Məhz bu blokada şəraiti Naxçıvanın iqtisadi potensialının, xüsusilə, yaşıl enerji və kənd təsərrüfatı sahələrinin tam gücü ilə inkişaf etməsinə mane olur. Zəngəzur dəhlizi Naxçıvanı həm Azərbaycanın digər bölgələri, həm də regional və beynəlxalq bazarlarla birbaşa çıxış imkanları açmaqla yanaşı onun inkişafında yeni mərhələnin başlanması ilə nəticələnəcək.

Bu fikri AZƏRTAC-a açıqlamasında kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Bəhruz Bayramov deyib.

Onun sözlərinə görə, Naxçıvan MR-nin təbii ekoloji və coğrafi mövqeyi, iqlimi şəraiti yeni iqtisadi modellərin formalaşmasına böyük imkanlar yaradır.

“Naxçıvan MR təbii-coğrafi xüsusiyyətlərinə görə yaşıl enerji istehsalı üçün çox əlverişli ərazilərdən biridir. Regionun günəş radiasiya balansının yüksək, küləkli günlərin uzun olması alternativ enerji istehsalı potensialını artırır. Lakin uzun illər ərzində bu imkanlardan geniş istifadə olunmamasının əsas səbəbi Azərbaycan ilə Naxçıvan MR arasında nəqliyyat əlaqəsinin olmaması idi. Avadanlıqların, texnologiyanın və ixtisaslı mütəxəssislərin bölgəyə gətirilməsi çətin və baha başa gəlirdi. Zəngəzur dəhlizinin açılması Naxçıvanda yaşıl enerji layihələrinin reallaşması üçün maneələri aradan qaldıracaq. Dəhliz Günəş panelləri, külək turbinləri, transformatorlar və digər enerji avadanlıqlarının Naxçıvana daha sürətli və daha az xərclə çatdırılmasında önəmli rol oynayacaq ki, bu da yaşıl enerji layihələrinin maya dəyərini azaldacaq, sərmayədarlar üçün daha cəlbedici şərait yaradacaq”, - deyə ekspert vurğulayıb.

B. Bayramov nəzərə çatdırıb ki, Naxçıvanda istehsal olunan yaşıl enerji Zəngəzur dəhlizi ilə Türkiyə və Avropa bazarlarına ixrac oluna bilər. Beləliklə, Naxçıvan təkcə enerji istehlak edən deyil, həm də enerji istehsal və ixrac edən regiona çevriləcək: “Zəngəzur dəhlizinin kənd təsərrüfatı sahəsində də əhəmiyyəti böyükdür. Belə ki, Naxçıvanda əlverişli torpaqlar, əkinçilik, heyvandarlıq sahəsində zəngin təcrübə var. Burada taxılçılıq, kartofçuluq, bağçılıq, tərəvəzçilik, üzümçülük geniş inkişaf edib. Lakin istehsal olunan məhsulların beynəlxalq bazarlara çatdırılmasında çətinliklər var ki, dəhliz bu problemi də aradan qaldıracaq və fermer təsərrüfatlarının inkişafını şərtləndirəcək. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Zəngəzur dəhlizi təkcə regional deyil, eləcə də qlobal əhəmiyyətə malikdir. ABŞ kimi bir dövlətin dəhlizi dəstəkləməsi də təsadüfi deyil”.

Seçilən
50
1
azertag.az

2Mənbələr