AZ

Böyük Qayıdış prosesinin icrası Dövlət Komitəsinin kollegiya iclasında müzakirə olunub

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 28 yanvar, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.

İclasda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli inkişaf yolunda olduğunu, bölgəmizdə sülh və əmin-amanlıq üçün zəruri addımlar atıldığını deyən Dövlət Komitəsinin sədri Rövşən Rzayev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sürətlə aparıldığını, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə böyük həvəslə qayıtdıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərə səfərlərinin, Böyük Qayıdışla bağlı tədbirlərin icrasının daim nəzarətdə saxlanılmasının keçmiş məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurduğu qeyd edilib.

Kollegiya iclasında, həmçinin işğaldan azad edilmiş ərazilərdə yenidən salınan və bərpa olunan yaşayış məntəqələrinə qayıdışın təşkili və həyata keçirilməsi, məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, vahid aylıq müavinətin verilməsi, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, statusla bağlı sənədləşmə işlərinin təkmilləşdirilməsi, Mənzil İstismar Departamentinin balansında olan qəsəbələrdəki vəziyyət və digər məsələlər müzakirəyə çıxarılıb. Müvafiq struktur bölmələrinin rəhbərlərinin məruzələri dinlənilib, iradlar, rəy və təkliflər səsləndirilib.

Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkə rəhbərinin tapşırıqlarının və qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün daha böyük məsuliyyətlə çalışmağın vacibliyini vurğulayıb. Bildirib ki, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz qayıdışının təşkili üzrə müəyyənləşdirilmiş kompleks tədbirlərin ardıcıllıqla və vaxtında icra edilməsi təmin olunmalıdır.

Kollegiyada müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
8
azertag.az

9Mənbələr