"Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətlərinin çəkilməsi nəzərdən keçiriləcək".
Xezerxeber.az-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
Nazir müavini qeyd edib ki, 2030-cu ilədək "Nizami", "Sahil" və "Xətai" stansiyaları üçün də keçid stansiyaları inşa olunacaq və bununla da mərkəzi stansiyaların yükü azalacaq. Bundan sonraki mərhələlərdə isə şəhərətrafı ərazilərə metro xətlərinin çəkilməsi məsələsi gündəmə gətiriləcəkdir.
Rəhman Hümmətov onu da diqqətə çatdırıb ki, Bakıda 6 ay ərzində bütün yolların layihələndirmə işləri bitəcək. Onun sözlərinə görə, hazırda dörd yol layihəsi üzrə tikinti icra edilir, eyni zamanda, bu il daha 4 yolun - Məhəmməd Xiyabani-Dairəvi-1, M-4-Xırdalan (mərkəz) tunel, Xırdalan dairəsi, Əbdülvahab Salamzadə-Ziya Bünyadov yollarının tikintisinin başlaması nəzərdə tutulub.
Nazir müavini taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi məqsədəuyğun deyil.
Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev isə bildirib ki, Bakıətrafı ərazilərdə 2030-cu ilədək əlavə 25 dayanacaq və dəmir yolu stansiyası istifadəyə veriləcək.
Sədr metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin şaxələndirilməsi dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutlarının təşkil ediləcəyini də vurğulayıb. Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq."Bu marşrutlar əsasən "Nizami” – “28 May", eləcə də "Əcəmi” – “28 May" kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.