Prezident İlham ƏLİYEV: "Sənaye zonaları iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun sürətli inkişafı üçün əsas rol oynayır"
Müasir qlobal iqtisadi çağırışlar şəraitində neftdənkənar sahənin inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətində əsas prioritet kimi ön plandadır. Ölkə iqtisadiyyatının dayanıqlığının möhkəmlənməsi, rəqabətqabiliyyətli istehsal sahələrinin formalaşması və ixrac imkanlarının artması ardıcıl və məqsədyönlü dövlət siyasətini zəruri edir. Məhz bu baxımdan sənaye zonalarının yaradılması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu hədəfin reallaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin mərkəzində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan sənaye zonaları dayanır. Prezident sənaye potensialının gücləndirilməsinin ölkənin iqtisadi təhlükəsizliyinin əsas təminatlarından biri olduğunu dəfələrlə vurğulayaraq deyib ki, biz neftdənkənar sahədə sənaye istehsalını artırmalı və sürətli sənayeləşmə prosesini təmin etməliyik: "Sənaye zonaları iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun sürətli inkişafı üçün əsas rol oynayır. Bu zonalar yeni istehsal sahələrinin yaradılmasına, yüksəktexnologiyalı məhsulların istehsalına, ixrac imkanlarının genişlənməsinə və innovativ sahibkarlığın inkişafına şərait yaradır. Onlar qeyri- neft məhsullarının həcmini artırır, ölkəmizin rəqabətqabiliyyətini yüksəldir və minlərlə yeni iş yerinin açılmasına töhfə verir".
Sənaye zonalarının yaradılması təkcə yeni istehsal sahələrinin formalaşması ilə məhdudlaşmır. Onların müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və rəqabətqabiliyyətli məhsul istehsalının təmin edilməsi baxımından da əhəmiyyəti çoxdur. Dövlət tərəfindən təqdim olunan vergi və gömrük güzəştləri, eləcə də infrastruktura göstərilən dəstək sahibkarların sənaye zonalarına marağını artırır, yerli və xarici investisiyaların cəlb olunması üçün geniş imkanlara yol açır. Həmin imkanların reallaşması və sənaye zonalarının davamlı inkişafının təmin edilməsi üçün dövlət başçısı sənaye parkları və məhəllələrinin hüquqi və təşkilati əsaslarını möhkəmləndirmək istiqamətində ardıcıl tədbirlər görür.
Hazırda Azərbaycanda 8 sənaye zonası mövcuddur. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafında xeyli rol oynayır. Bu gün həmin zonalarda fəaliyyət göstərən 104 müəssisədə yüksəkkeyfiyyətli məhsullar istehsal olunur. İndiyədək bu zonalara 7 milyard manatdan çox investisiya yönəldilib və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə isə mövcud layihələr üzrə təxminən 1,74 milyard manatlıq investisiya yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyə kimi ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, onun da 6,1 milyard manatlıq hissəsi dünyanın 70 ölkəsinə ixrac olunub.
Dövlət başçısının təşəbbüsü və nəzarəti ilə yaradılan sənaye parkları və məhəllələri ölkənin müxtəlif regionlarını əhatə edir. Bu, regional inkişafın sürətlənməsinə, bölgələrdə yeni iş yerlərinin açılmasına və əhalinin sosial rifahının yüksəlməsinə səbəb olur. Prezidentin sənaye zonalarına mütəmadi səfərləri, rezident statusu almış müəssisələrin açılışında iştirakı, istehsal müəssisələrinin fəaliyyəti ilə yerində tanışlığı və qarşıya qoyulan vəzifələrin icrasına şəxsi nəzarəti yüksək səviyyədə bu sahəyə göstərilən diqqət və qayğının göstəricisidir. Dövlət başçısının iki gün öncə Sumqayıt Sənaye Parkında "Azərmirror" MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun, "Bakı Karton və Qutu Fabriki" MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirakı, həmçinin "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyması sübut edir ki, ölkədə fəaliyyət göstərən sənaye zonaları və məhəllələri formal deyil, real iqtisadi nəticələr verən mexanizmdir.
Bu mexanizmin uğurla işləməsi və iqtisadiyyata konkret töhfələr verməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sənayeləşmənin dövlət siyasətinin əsas prioritetinə çevrilməsinin bariz nəticəsidir. Bu gün sənaye zonalarında fəaliyyət göstərən müəssisələr üçün vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlığın inkişafını stimullaşdırır. Həmin güzəştlər nəticəsində yerli istehsal güclənir, daxili bazar keyfiyyətli məhsullarla təmin olunur, eyni zamanda Azərbaycanın ixrac potensialı əhəmiyyətli dərəcədə artır. Çünki dövlət başçısının əsas hədəfi dayanıqlı iqtisadi inkişafı təmin etmək, neftdənkənar sektoru gücləndirərək rəqabətqabiliyyətli məhsul istehsalını təşviq etmək və Azərbaycanı regional sənaye mərkəzinə çevirməkdir.
Sənaye zonalarının inkişafı həm də ölkənin iqtisadi təhlükəsizliyini möhkəmləndirir. İşğaldan azad olunmuş ərazilərdə sənaye zonalarının yaradılması təşəbbüsü isə Prezident İlham Əliyevin uzaqgörən və strateji baxışının daha bir göstəricisidir. Bu addımlar həmin ərazilərin iqtisadi dirçəlişini təmin etməklə yanaşı, onların ölkə iqtisadiyyatına inteqrasiyasını təmin edir. Bu baxımdan, Ağdam Sənaye Parkı və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı işğaldan azad olunmuş ərazilərin dayanıqlı inkişafında xüsusi əhəmiyyət daşıyır. Həmin parklar müasir infrastrukturla təmin olunaraq sənaye, logistika, kənd təsərrüfatı məhsullarının emalı və ixracyönümlü istehsal sahələrinin formalaşdırılmasına geniş imkanlar yaradır.
Sözsüz ki, Prezident İlham Əliyevin sənaye zonalarının inkişafına göstərdiyi ardıcıl diqqət Azərbaycanın dayanıqlı iqtisadi inkişafını təmin etməyə yönəlib. Bu siyasət ölkəmizin regional sənaye mərkəzi kimi mövqeyini möhkəmləndirməklə yanaşı, sosial-iqtisadi sabitliyin təmin olunmasına da xidmət edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"