İlon Maskın qurucusu olduğu Neuralink şirkəti beyin implantı üzrə aparılan insan sınaqlarında 21 könüllünün iştirak etdiyini açıqlayıb.
Editor.az xəbər verir ki, şirkət indiyədək yeddi nəfərin beyninə çip implantasiya edildiyini, həmçinin sınaqların Kanada, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərinə genişləndirilməsi üçün rəsmi icazə alındığını bildirib.
Neuralink tərəfindən yayılan məlumatda qeyd olunur ki, beyin implantı üzrə insan üzərində aparılan sınaqlara ümumilikdə 21 nəfər könüllü şəkildə qatılmağa razılıq verib.
Şirkətin həmtəsisçisi Donjin Seo iyun ayında açıqlamasında yeddi nəfərə artıq beyin çipinin yerləşdirildiyini və Kaliforniya mərkəzli şirkətin cihazı Kanada, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində sınaqdan keçirmək üçün müvafiq təsdiqlər aldığını demişdi.
Neuralink sosial şəbəkələrdə paylaşdığı açıqlamada bildirib: “Hazırda dünya üzrə aparılan sınaqlarda 21 iştirakçı qeydiyyatdan keçib”.
Xatırladaq ki, 2024-cü ilin yanvarında İlon Mask ilk insana Neuralink implantının yerləşdirildiyini və bərpa prosesinin uğurla davam etdiyini açıqlamış, ilkin nəticələri ümidverici adlandırmışdı.
“Telepathy” adlanan cihaz əsasən ətraflarını hərəkət etdirmə qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutulub. Bildirilir ki, bu texnologiya istifadəçilərə yalnız düşüncə vasitəsilə smartfon və kompüterləri idarə etmək imkanı yaradacaq.
//Gülnarə Abasova, Editor.az