Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Avropa İttifaqının mövcud təhlükəsizlik və müdafiə sistemini dağıtmamaq üçün ayrıca ordu yaratmaq ideyasını dəstəkləmir.
Oxuməni.az-ın "Evropeyskaya pravda"ya istinadən verdiyi məlumata görə, Kallas bu barədə yanvarın 29-da Aİ Xarici İşlər Şurasının iclası başlamazdan əvvəl bildirib.
Kaya Kallas ayrıca Avropa ordusunun yaradılmasını "təsəvvür edə bilmədiyini" qeyd edib.
"Hər bir Avropa ölkəsinin ordusu var və 23 ölkənin ordusu da NATO strukturlarının bir hissəsidir. Buna görə də mən ölkələrin ayrıca Avropa ordusu yaradacağını təsəvvür edə bilmirəm", - Kallas bildirib.
O vurğulayıb ki, "hərbi işlərdə çox aydın və anlaşıqlı komandanlıq iyerarxiyası olmalıdır ki, nəsə baş verdikdə kimin kimə əmr verdiyi aydın olsun".
"Əgər biz paralel strukturlar yaratsaq, bu, yalnız mənzərəni bulanıqlaşdıracaq. Çətin zamanlarda isə əmrlər sadəcə itə bilər", - Aİ-nin baş diplomatı bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski Davosda keçirilən iqtisadi forumda çıxış edərək, Avropanın indiki şəraitdə bütün ümidlərini NATO çərçivəsindəki zəmanətlərə bağlamamaq üçün birləşmiş silahlı qüvvələr yaratmalı olduğunu bildirib.
Zelenski həmçinin bildirib ki, Avropanın birləşmiş qüvvələrinin əsasını Ukrayna ordusu təşkil edə bilər, lakin davam edən müharibəni nəzərə alaraq, Ukraynanın "buna vaxtı yoxdur".
Lakin onun sözlərinə görə, belə bir ordunun əsasını Ukraynanın müharibə aparmaq təcrübəsi təşkil etməlidir.
Almaz Həsənli