AZ

"Subsidiyalar real sektorun inkişafına təkan versə də, sui-istifadə riski qalır" -ŞƏRH EDİLDİ

"Dövlət subsidiyaları və güzəştli kredit proqramları real sektorun inkişafı baxımından mühüm iqtisadi alətlərdən hesab olunur. Bu mexanizmlərin əsas məqsədi istehsal xərclərini azaltmaq, sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdırmaq və nəticə etibarilə iqtisadi aktivliyi artırmaqdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün bu tip dəstək mexanizmləri bazara daxilolmanı sürətləndirən və investisiya risklərini azaldan faktorlardan biridir: "Lakin bu proqramların effektivliyi birbaşa olaraq onların tətbiq mexanizmlərinin şəffaflığı və nəzarət səviyyəsi ilə bağlıdır. Əgər subsidiyalar və güzəştli kreditlər məqsədyönlü şəkildə istehsalın genişləndirilməsinə, texnoloji yenilənməyə və məhsuldarlığın artırılmasına yönəldilirsə, bu zaman real sektorda dayanıqlı inkişaf müşahidə olunur. Bu cür hallarda dövlət dəstəyi multiplikativ effekt yaradaraq həm məşğulluğun artmasına, həm də daxili bazarın güclənməsinə xidmət edir. Eyni zamanda, risk amili də mövcuddur. Zəif nəzarət və hesabatlılıq şəraitində ayrılan vəsaitlərin bir hissəsi istehsalın genişləndirilməsi əvəzinə, qiymətlərin süni şəkildə saxlanılması və ya qısamüddətli maliyyə boşluqlarının doldurulması üçün istifadə oluna bilər. Bu isə bazar mexanizmlərinin təhrif olunmasına, rəqabət mühitinin zəifləməsinə və uzunmüddətli perspektivdə səmərəsizliyə səbəb olur.

Bundan əlavə, subsidiyaların davamlı şəkildə qiymətləri aşağı səviyyədə saxlamaq məqsədilə istifadəsi istehsalçıların innovasiya və effektivlik motivasiyasını azalda bilər. Nəticədə dövlət dəstəyindən asılılıq formalaşır ki, bu da real sektorun sağlam inkişafına mane olan əsas faktorlardan biridir. Bu baxımdan, iqtisadçıların ümumi mövqeyi ondan ibarətdir ki, dövlət subsidiyaları və güzəştli kredit proqramları yalnız aydın strateji məqsədlər, ölçülə bilən nəticə göstəriciləri və ciddi monitorinq mexanizmləri ilə müşayiət olunduğu halda effektiv ola bilər. Əks təqdirdə, bu vəsaitlər istehsal artımı əvəzinə bazarda süni tarazlıq yaratmaq üçün istifadə edilə və gözlənilən iqtisadi effekti verməyə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
17
1
sia.az

2Mənbələr