AZ

İrandan Ermənistana xəbərdarlıq: “İranı incitməyin”

İranın “Mehr” xəbər agentliyi Ermənistan hökumətinə ünvanlanan tənqidi məqalə yayımlayıb. Məqalədə son həftələrdə Ermənistanda yaşayan az sayda İran vətəndaşının, eləcə də Türkiyədən çıxarıldıqdan sonra İrəvana gəlmiş bir qrup iranlının ölkədə baş verən etirazlardan sonra İrandakı proseslərə etiraz olaraq İrəvandakı İran səfirliyi qarşısında “qanunsuz aksiyalar” keçirdiyi bildirilir.

Agentliyin yazdığına görə, sözügedən şəxslər aksiyalar zamanı İran İslam Respublikasına və onun rəsmi şəxslərinə qarşı hörmətsiz ifadələr səsləndiriblər. “Mehr” qeyd edir ki, Ermənistan hökuməti İranla münasibətləri gücləndirmək istəyirsə, bu əməkdaşlığa mane olan bu kimi hallara qarşı ciddi tədbirlər görməlidir.

Məqalədə vurğulanır ki, əks halda İrəvan öz “əsl dostlarından birini” incidə və onu özündən uzaqlaşdıra bilər. Agentlik sual edir: “Ermənistan rəsmiləri İran hökumətinin hər gün səfirliyi qarşısında İslam Respublikasının ali rəhbərinin təhqir olunmasına laqeyd qalacağını, yaxud buna gülümsəyəcəyini gözləyirmi?”

“Mehr” həmçinin müqayisə apararaq bildirir ki, əgər oxşar aksiya ABŞ-ın İrəvandakı səfirliyi qarşısında cəmi on dəqiqə davam etsəydi, Ermənistan hökuməti buna icazə verərdimi?

Məqalənin sonunda Ermənistan hökumətinə çağırış edilir ki, İranla əməkdaşlığa mane olan amillər ciddi şəkildə aradan qaldırılsın və Ermənistanı “daha bir Ukraynaya çevirmək” niyyətində olan üçüncü ölkələrin təsirinə məhəl qoyulmasın. Əks halda, İrəvan regionda mühüm tərəfdaşlarından birini itirə bilər.

Seçilən
15
veteninfo.az

1Mənbələr