Ermənistanın sabiq prezidenti, Qarabağ müharibəsi dövründə on minlərlə azərbaycanlının ölümünə görə məsuliyyət daşıyan Robert Köçəryan yenidən regional layihələrə qarşı çıxış edib.
Yanvarın 29-da keçirdiyi mətbuat konfransında o, TRIPP layihəsini Ermənistan üçün “ən böyük təhlükə” adlandıraraq, növbəti dəfə revanşist və qorxutma üzərində qurulan ritorikaya əl atıb.
Köçəryan bildirib ki, TRIPP layihəsi guya Ermənistanın maraqlarına uyğun deyil və daha çox Azərbaycan və Türkiyəyə xidmət edir. Onun sözlərinə görə, bu layihədə Ermənistan “yarım tərəf” mövqeyindədir və əsas qərarlar ABŞ-ın təsiri altında qəbul olunur.
Keçmiş prezidentin iddiasına görə, ABŞ-ın Cənubi Qafqazda real iqtisadi marağı yoxdur və əsas məqsəd İranla sərhədə nəzarəti gücləndirməkdir. O, layihənin Ermənistanı böyük dövlətlərin maraq toqquşmasına sürüklədiyini iddia edib.
Köçəryanın açıqlamalarında diqqət çəkən əsas məqam onun yenə də regionda əməkdaşlıq və sülh perspektivlərini təhlükə kimi təqdim etməsidir. 1990-cı illərdə Qarabağda etnik təmizləmə və müharibə siyasətinin əsas memarlarından biri olan Köçəryan bu gün də militarist yanaşmadan imtina etmir.
O, çıxışında “güclü ordu” məsələsinə toxunaraq bildirib ki, Ermənistanın əsas təminatı hərbi gücdür. Bu isə məğlubiyyətdən sonra belə revanşist dairələrin müharibə ritorikasından əl çəkmədiyini göstərir.
“Beynəlxalq münasibətlərdə sentimental yanaşma yoxdur”, – deyən Köçəryan faktiki olaraq bölgədə gərginliyin davam etməsinə çağırış edən mövqeyini gizlətmir.
Musavat.com