AZ

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

2025-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 1,141 milyard ABŞ dolları təşkil edib.

Day.Az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 460,5 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,31%-i həcmində olub. Bununla da Böyük Britaniya hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 8-ci pillədə qərarlaşıb.

Ötən il Azərbaycandan Böyük Britaniyaya 343,029 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları və ya 15,9% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac əməliyyatlarının 336,9 milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi isə 648,3 min ton təşkil edib. 2024-cü illə müqayisədə Azərbaycandan Böyük Britaniyaya ixrac olunan bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ixracı dəyər ifadəsində 59,2 milyon ABŞ dolları və ya 14,9%, həcm baxımından isə 11,3 min ton və ya 1,7% azalıb.

Hesabat dövründə Böyük Britaniyadan Azərbaycana isə 797,8 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 525,2 milyon ABŞ dolları və ya 2,9 dəfə artım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.

Seçilən
56
8
day.az

9Mənbələr