AZ

Amerika Ticarət Palatası xəbərdarlıq edir: Azərbaycan gömrüyü ölkənin inkişafını geri atır...

AmCham: Gömrükdə süni qiymət artımı biznes mühitinə ciddi zərbə vurur...

Azərbaycanın neft və xüsusilə də qeyri-neft sektorlarında fəaliyyət göstərən şirkətlər kommersiya məqsədilə ölkəyə idxal etdikləri malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük nümayəndələri tərəfindən idxal olunan malların dəyərinin süni şəkildə artırılması halları ilə üzləşirlər.

Poliqon haqqin.az portalına istinadən xəbər verir ki, bu barədə Amerikа Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyinin (AmCham Azerbaijan) hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, idxalçılar malların alqı-satqısına dair faktiki sənədləri təqdim etsələr belə, gömrük orqanları əməkdaşlarının tələbləri qüvvədə qalır. Nəticədə yük sahibi nəqliyyat vasitəsinin saxlanılması kimi əlavə xərclərdən yayınmaq üçün gömrük nümayəndəsinin irəli sürdüyü şərtlərlə razılaşmağa məcbur olur.

Hesabatda vurğulanır ki, bu cür gömrük əməliyyatları digər iqtisadi sahələrə də mənfi təsir göstərir. Yüksək gömrük dəyəri və ona tətbiq olunan rüsumlar xaricdən mal idxal edən sahibkarları qiymətləri artırmağa məcbur edir və bu da malların süni şəkildə bahalaşmasına gətirib çıxarır.

Belə hallarda gömrük dəyərinin şişirdilməsi vergi ödəyiciləri ilə gömrük orqanları arasında mübahisələrin yaranmasına səbəb olur, biznesin operativliyini azaldır və idxalçılar üçün əlavə saxlanma xərcləri yaradır.

Bəzi hallarda gömrük əməkdaşları idxal zamanı tətbiq edilən gömrük dəyərini onunla əsaslandırırlar ki, eyni adlı məhsul daha əvvəl həmin qiymətlə rəsmiləşdirilib və guya heç bir halda daha aşağı dəyər üzrə rəsmiləşdirilə bilməz. Hesabatda bildirilir ki, bu cür tələblər qanunvericiliyin normalarına ziddir və biznes üçün əlavə xərclərin yaradılmasına əsas ola bilməz.

Sənəddə həmçinin qeyd olunur ki, yük ölkəyə gətirilməzdən əvvəl hesablanan rüsum və vergilərlə, yükün ölkəyə daxil olmasından sonra ödənilməli olan məbləğlər arasında yaranan fərqlər proqnozlaşdırıla bilən biznes mühitinin formalaşmasına ciddi maneə yaradır.

AmCham Azerbaijan-ın Direktorlar Şurası təşkilatın əsas icraedici orqanıdır və Palatanın nizamnaməsinə, eləcə də Azərbaycan qanunvericiliyinə uyğun olaraq bütün məsələlər üzrə qərarlar qəbul edir. Şuraya 10 səsvermə hüquqlu üzv, o cümlədən prezident daxildir. Bundan başqa, ABŞ-ın Azərbaycandakı hazırkı səfiri və ya onun nümayəndəsi, eləcə də icraçı direktor səsvermə hüququ olmayan üzvlər qismində şurada təmsil olunurlar.

Hazırkı Direktorlar Şurasının tərkibinə prezident – Dayanat Sadullaev (PASHA Holding), birinci vitse-prezident – Zaur Allahverdizadə (Baker Hughes), vitse-prezident – Nuran Kərimov (Deloitte Azerbaijan), həmçinin şura üzvləri – Zaur Qurbanov (SOCAR), Rena Məmmədova (Coca-Cola Bottlers Azerbaijan LLC), İmran Əhmədzadə (NEQSOL HOLDING), Kenan Tabasaranlı (Smart Solutions Group), Kamil Vəliyev (Dentons), Oskar Boqopolski (McDonald’s Azerbaijan) və Babək H. Ağayev (PROSOL Company) daxildir.

Bundan əlavə, ABŞ səfirliyinin nümayəndəsi, diplomatik missiya rəhbərinin müavini vəzifəsini tutan Emi Karlon da səsvermə hüququ olmadan şuranın tərkibində yer alır.

Poliqon.info

Seçilən
91
50
poliqon.info

10Mənbələr