AZ

Robert Levandovski Lionel Messinin tarixi rekordunu təkrarladı – ARENA.AZ

“Barselona”nın hücumçusu Robert Levandovski Çempionlar Liqasında klubun sabiq ulduzu Lionel Messinin tarixi nailiyyətini təkrarlayıb.

Arena.az xəbər verir ki, polşalı forvard qitənin ən nüfuzlu klub turnirində 40-cı fərqli komandaya qol vurub.

Bununla da o, bu göstəricidə Messi ilə ilk yerə şərik olub. 37 yaşlı futbolçunun 40-cı qol vurduğu komanda “Kopenhagen” olub. Levandovski görüşün 48-ci dəqiqəsində fərqlənib və komandasının 4:1 hesablı qələbəsinə töhfə verib.

Bu siyahıda növbəti pillədə 38 fərqli kluba qol vurmuş portuqaliyalı ulduz hücumçu Kristiano Ronaldo yer alır.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 25 oyuna çıxıb, 12 qol vurub, 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 172 oyun, 113 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 163 oyun keçirib, 88 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 37 yaşlı polyak hücumçunun transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
51
5
arena.az

10Mənbələr