AZ

AzMİU 4SİM ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova, 4SİM-in icraçı direktoru Fariz Cəfərov və hər iki qurumun nümayəndələri iştirak ediblər.

Görüş zamanı rektor Gülçöhrə Məmmədova AzMİU-da həyata keçirilən tədris, elmi-tədqiqat və innovasiya fəaliyyəti, eləcə də universitetdə aparılan rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, cari ildən etibarən universitetdə süni intellekt sahəsində yeni təşəbbüslərin icrasına başlanılıb. Bu istiqamətdə AzMİU-nun nəzdində yaradılan “Süni İntellekt Mərkəzi” tədris, elmi-tədqiqat və innovasiya fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayacaq.

Rektor, həmçinin bildirib ki, 2026–2027-ci tədris illərindən etibarən magistratura pilləsi üzrə “Süni intellekt” ixtisasının standart ixtisas kimi açılması nəzərdə tutulur. Bu təşəbbüsün universitetdə rəqabətli insan kapitalının formalaşdırılmasına və müasir texnoloji çağırışlara cavab verən yüksək ixtisaslı kadr hazırlığının gücləndirilməsinə xidmət edəcəyi vurğulanıb.

4SİM-in icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, əsas prioritetləri, eləcə də rəqabətli insan kapitalının inkişafına yönəlmiş layihə və təşəbbüslər haqqında məlumat verib. O, xüsusilə “4Sİ Akademiyası-Milli Proqram” çərçivəsində AzMİU əməkdaşları və tələbələrinin fəal iştirakını qeyd edib. Bildirilib ki, universitetin 600 nəfər əməkdaş və tələbəsi proqramdan faydalanaraq 1000-dən çox təlim kursunu uğurla başa vurub.

Qeyd olunub ki, 4SİM tərəfindən elan edilən təcrübə proqramlarında AzMİU tələbələri fəal iştirak edirlər. Bu təşəbbüslərin tələbələrin praktiki bilik və

bacarıqlarının artırılmasına, onların əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiyasına mühüm töhfə verdiyi bildirilib.

Tərəflər “2026–2029-cu illər üzrə Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafı Strategiyası” çərçivəsində elm-sənaye klasteri 4.0-ın formalaşdırılması, eləcə də rəqabətli insan kapitalının inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu əməkdaşlığın təhsil, elm və sənaye arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş çərçivəsində, həmçinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi və 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı birgə tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd tərəflər arasında təhsil, elm, innovasiya və sənaye əlaqələrinin gücləndirilməsinə, eləcə də müasir texnoloji çağırışlara uyğun rəqabətli insan kapitalının formalaşdırılmasına xidmət edir. Memorandum çərçivəsində Sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi, elmi-tədqiqat və təcrübə mübadiləsinin genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Seçilən
16
1
azedu.az

2Mənbələr