AZ

Mingəçevir: ötən ili uğurla, yeni ilə ümidlə

Mingəçevirdə ötən ilin sosial-iqtisadi yekunlarına və bu il qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilmişdir. Tədbir öncəsi Heydər Əliyevin abidəsi ziyarət olunmuş, Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.  

Yığıncaqda geniş məruzə ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov qeyd edib ki, 2025-ci il Azərbaycan iqtisadiyyatı üçün təkcə statistik göstəricilərlə ölçülən bir dövr deyil, eyni zamanda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidin başlanğıcı kimi tarixə düşüb. Məruzəçi Mingəçevirdə həyata keçirilən layihələrdən söz açaraq bildirib ki, ötən il şəhərin sənaye müəssisələrində 413,6 milyon manatlıq məhsul istehsal olunmuşdur və bu, 2024-cü illə müqayisədə 89,9 milyon manat çoxdur. Həyata keçirilən tikinti-quruculuq işlərindən, yerli gəlirlərdən və yerli xərclərdən, müəssisələrdə aparılan modernləşmə və əsaslı yenidənqurma işlərindən, sənaye müəssisələrindəki məhsul istehsalından söz açan  İ.İsmayılov mövcud nöqsan və çatışmazlıqları, problemləri də diqqətə çatdırıb, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin bəzilərinin cari və əsaslı təmirə ehtiyacı olduğunu bildirib. 

Məruzədə vətəndaşlarla keçirilən səyyar görüşlərdən və qəbullardan, Prezidentin tapşırığı ilə şəhid ailələrinə, qazilərə, onların övladlarına göstərilən diqqət və qayğıdan da söz açılıb.

Əsasən şəhərin kommunal xidmət müəssisələrinin fəaliyyətinə toxunan məruzəçi il ərzində icra olunan əsaslı təmir və quruculuq işlərindən danışıb. Məhəllələrin abadlaşdırılması, vətəndaşların istirahəti və rifah halının yaxşılaşdırılması məqsədilə reallaşan layihələrdən, yaşayış binalarının ümumi istifadə sahələrinin təmir olunmasından, yaradılan nümunəvi məhəllələrdən, uşaq və gənclər üçün idman və əyləncə qurğularının yerləşdirilməsindən, idman meydançalarının salınmasından, müasir kanalizasiya xəttinin çəkilməsindən, işıqlandırma sisteminin yenidən qurulmasından, küçələrin asfalt örtüyü və tamet  plitələrlə döşənməsindən və digər  işlərdən danışan ŞİH başçısı bu işlərin cari ildə də davam etdirildiyini  bildirib.

Ötən il iyun ayının 24-də Prezident İlham Əliyevin Mingəçevirə səfərindən, "Azərbaycan İES" MMC-nin ərazisində 1880 meqavat gücündə yeni elektrik stansiyasının istifadəyə verilməsini xatırladan İlham İsmayılov bunun Prezidentin şəhərə göstərdiyi diqqət olduğunu vurğulayıb.

Məruzə ətrafında "Azərbaycan İES" MMC-nin direktoru Təhmasib Hüseynov, Sukanal İdarəsinin rəisi Elmar Əhmədov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax Regional İdarəsinin müdir əvəzi Elvin Zakirov, şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Ülfət Qurbanov, Mənzil Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov rəhbərlik etdikləri qurumların fəaliyyətindən və problemlərdən, cari ildə görüləcək işlərdən bəhs ediblər. 

Prezident Administrasiyasının sektor müdiri Vəfadar Bağırov və Milli Məclisin deputatı Aydın Mirzəzadə ölkəmizin tərəqqisindən, uğurlarından, beynəlxalq aləmdə qazandığı nüfuzdan və regionlara göstərdiyi diqqətdən söz açıblar. 

Sonra ictimaiyyət nümayəndələrinin sualları cavablandırılıb, şəhər ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. 

Lazım QULİYEV,

"Azərbaycan"

Seçilən
31
26
azerbaijan-news.az

10Mənbələr