Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Elə həqiqətlər var, insanın dilini də kəssələr, dərisini də soysalar, onu deməlidir. Hansı ki, həmin həqiqətlər xalqdan heç vaxt gizlədilməməli, necə var, elə də çatdırılmalıdır.
Bu mənada, demək lazımdır ki, Ağalar Bayramov Nurəddin Mehdixanlıdan daha möhkəm qışqırıra bilir.
Bəli, bu, həqiqətdir, heç kim inciməsin. Kim inanmırsa, özü bilər. Ancaq xırda bir müşahidə etmək kifayət edir ki, Ağalar Bayramovun qışqırığının hansı diapozonda olduğunu biləsən.
Ümumiyyətlə, qışqırmaq Ağalar Bayramovun əlində uşaq oyuncağıdır. O, hələ gənc yaşınlarından öz həmyaşıdları arasında seçilib, qışqırığ üzrə Dünya və Avropa çempionu olub.
Böyük qürur hissi, fəxrlə demək lazımdır ki, Ağalar Bayramov milli-mənəvi hay-küyçümüzdür.
Başqa qiraətçilər oxuduqları şeirlərlə insanların qəlbinə yol tapdığı halda, Ağalar Bayramov oxuduğu şeirlərlə adamların baş-beynini aparıb. Onun səsi adamın qəlbinin sarı siminə yox, sinirinə toxunur. Ümumiyyətlə, adam Ağalar Bayramova qulaq asanda başı ağrıyır.
Başqa qiraətçilərin səs telləri varsa, Ağalar Bayramovun məftilləri var. Hərdən elə bilirəm, Ağalar Bayramov boğazına tros bağlayıb.
Ağalar Bayramov şeir oxuyanda hamı onu həyəcanla sona qədər dinləyir. Ona görə yox ki, yaxşı oxuyur. Sadəcə, boğulacağından qorxurlar. Humanist insanlar da ilkin tibbi yardım üçün onu sonadək dinləməyə məcbur olurlar.
Məsələn, şeirdən xoşu gəlməyən hər kəs onu dinləyib nifrətini daha da möhkəmləndirə, xoşu gələnlər isə ona qulaq asıb, şeir də, həyata da nifrət eləyə bilər.
Xalqa bundan böyük necə xidmət etsin Ağalar Bayramov?
Onu deyim, Ağalar müəllimin maraqlı həyat yolu var. Əslində, Ağalar müəllim qiraətçi olmayacaqdı, “prosta” acığa düşüb.
Əslində isə, o, filoloq olmaq istəyirdi. Ancaq xoşbəxtlikdən filologiya fakültəsinə qəbul ola bilməyib. Doğrudur, Allah bu tərəfdən üzümüzə baxıb, bu cür gözəl bir ixtisas Ağalar müəllimin qələmindən xilas olub. Şeiri o cür oxuyan adam, gör, yazılar yazsa necə olardı?
Ancaq bir tərəfdən verən Allah bir tərəfdən də alır. Beləcə, Ağalar müəllim filoloq ola bilməyəndən sonra qiraətçi oldu. Fəqət Ağalar Bayramovun zülmü, müsibəti təkcə qiraət də deyil, filmdə də var.
Məsələn, dindəm soyumaq, ateist olmaq istəyən hər kəs Məhəmməd Peyğəmbərə həsr olunmuş “Adın hikməti” filminə baxsın. Ağalar müəllim rol alıb orada.
Yox, əgər kimsə milliyyətçi olmaq əvəzinə kosmopolit olmaq istəyirsə, o zaman türkçülükdən bəhs edən “Tanrı işığı” filminə baxsın.
Mən özüm Ağalar Bayramovu ilk dəfə dinləyəndə düşünmüşdüm ki, görəsən, müəllim qiraət sənətinə necə, hansı şeirlə gəlib? Araşdırdım, sən demə, onun ilk zərbə vurduğu şair Rüstəm Behrudi olub. Belə ki, o, ilk dəfə Rüstəm Behrudinin “Vətən” şeirini pis günə qoyub.
Təbii ki, bununla yekunlaşmayıb. Azərbaycan poeziyasına şəxsi qərəzlik zəmnində bir sıra əməliyyatlara qol qoyaraq, Ramiz Rövşən, Zəlimxan Yaqub, Musa Yaqub və.s kimi başqa şairlərin yaradıcılığına total hücumlar təşkil edib.
Qısası, bir başıpapaqlı salamat şair qalmayıb.
Görəsən, Ağalar müəllimlə Azərbaycan poeziyası arasında nə kimi ədavət var? O, niyə milli poeziyamıza qarşı belə şeylər edir?
Onun vikipediyasında maraqlı bir hissə də var.
Yazılır ki, “şair Əjdər Ol-u ictimaiyyətə öz qiraəti ilə tanınıdıb”.
Vallah, yazıq Əjdər ol. Dərd odur ki, Ağalar Bayramovun özünü ictimaiyyətə tanıtmaq lazımdır.
Onu deyim, əslində, Ağalar Bayramov çox da maraqsız adam deyil. O, bir neçə məsələyə görə Azərbaycan tarixinə düşməlidir. Məsələn, yeganə qiraətçidir ki, dinləyicisi yoxdur.
Deyərdim ki, Ağalar Bayramov tamaşaçısı olmayan tribunaların tamadasıdır.
Heç kim düşünməsin ki, onu heç bircə nəfər də dinləmir. Əsla, dinləyənlər var. Məsələn, şeirini səsləndirdiyi şairlərin hərəsi bir dəfə dinləyir və daha sonra dərhal həmin şeirdən imtina edirlər.
Orxan Saffari
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.