AZ

Azərbaycanda ötən il əhalidən banklara böyük həcmdə nağd dollar axını qeydə alınıb

Azərbaycanda banklar tərəfindən 2025-ci ildə əhalidən cəlb olunan nağd ABŞ dollarının həcmi onlara satılandan təqribən 318.2 mln. ABŞ dolları çox olub. Banker.az xəbər verir ki, bu, əhali tərəfindən banklara nağd dollar axınının davam etdiyini göstərir və 2005-ci ildən etibarən qeydə alınan rəsmi statistikaya əsasən, indiyədək müşahidə olunan ən böyük həcmli əks istiqamətli axındır.

Halbuki, 2024-cü ildə vəziyyət əksinə olub — 1 mlrd. 526.3 mln. ABŞ dolları məbləğində nağd dollar axını banklardan əhali tərəfə qeydə alınmışdı.

2025-ci ildə bankların əhaliyə satdığı nağd ABŞ valyutasının həcmi illik 45% azalaraq 1 mlrd. 767 mln. ABŞ dolları təşkil edib, əhalidən aldıqları isə illik 26% artaraq 2 mlrd. 85.2 mln. ABŞ dollarına yüksəlib.

2025-ci ildə əhaliyə ən çox dollar satılan ay yanvar (294.2 mln. ABŞ dolları), ən az satılan ay isə noyabr (94.3 mln. ABŞ dolları) olub. Əhali tərəfindən nağd dolların banklara ən çox satıldığı ay iyun (230.1 mln. ABŞ dolları), ən az satıldığı ay isə mart (112.7 mln. ABŞ dolları) olub. Həmin ilin mart ayınadək banklardan əhali istiqamətində nağd dollar axını müşahidə olunsa da, apreldən ilin sonunadək bütün aylarda əhali tərəfindən banklara nağd dollar axını davam edib və ümumi həcm 536.81 mln. ABŞ dolları təşkil edib.

Nəticədə orta konvertasiya məzənnəsi 1 dollar üçün 1.6985 manata düşüb ki, bu Mərkəzi Bankın müəyyən etdiyi rəsmi 1.7000 manat məzənnəsindən 0.09% aşağıdır.

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsinə dair son dekabr iclasında bildirib ki, cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün ümumilikdə vəziyyət stabildir. 2025-ci ilin yanvar–noyabr aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışı 393 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2.1 faiz bəndi azalaraq noyabrda 29%-ə enməsi, məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 4.3% artaraq 11.4 mlrd. ABŞ dollarına çatıb.

Bununla belə, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. 9 ayda tədiyə balansının cari əməliyyatlar balansında (CƏB) 3 mlrd. ABŞ dolları, yaxud ÜDM-in 5.4%-i həcmində profisit formalaşıb. CƏB-in profisiti əsasən xarici ticarət və təkrar gəlirlər balanslarının profisiti hesabına yaranıb. Təkrar gəlirlər balansının əsas komponenti olan pul baratları üzrə xalis daxilolmaların dinamikası ötən illə müqayisədə müsbətdir. Mərkəzi Bankın 2025 və 2026-cı illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

Seçilən
31
47
banker.az

10Mənbələr